Xəbər lenti


Ukrayna Prezidenti Vladimir Zelenskinin HƏMAS ilə mübarizəsində İsrailə dərhal və qətiyyətli dəstək verməsi Kiyevin Rusiyaya qarşı müharibəsində ərəb və müsəlman ölkələrindən dəstək qazanmaq üçün göstərdiyi təxminən bir illik səylərini təhlükə altına qoyur.

 

Ovqat.com-un məlumatına görə, ABŞ-ın “The Washington Post” nəşri bu barədə yazıb.

 

“Ukrayna üçün yeni təhlükə: HƏMAS və Qəzza zolağına qarşı müharibədə İsrail tərəfinə keçmək” sərlövhəli məqalədə qeyd edilir ki, 1400-dən çox İsraili öldürən HƏMAS-ın gözlənilməz hücumundan sonra Zelenskinin İsrailə dəstək verməsi ilə bağlı ilk açıqlamaları Ukraynanın beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmasına və ABŞ-ın tərəfində möhkəm dayanmasına kömək etdi.

 

Məqalə müəllifinin fikrincə, Zelenski bu mövqeyi ilə HƏMAS-ın baş sponsoru, İsrailin əzəli düşməni və Moskva üçün vacib əhəmiyyət daşıyan pilotsuz təyyarə və digər silah tədarükçüsü olan İran və Rusiya arasındakı getdikcə daha güclənən əlaqələri də diqqət mərkəzinə çəkdi.

 

HƏMAS və Rusiya eyni pislikdir və yeganə fərq ondadır ki, İsrailə hücum edən bir terror təşkilatıdır, amma Ukraynaya hücum edən bir terror dövləti", - Zelenski 9 oktyabrda NATO Parlament Assambleyası qarşısında çıxışında bidirmişdi.

 

Lakin İsrailin hərbi əməliyyatının dörd həftədir davam etməsi və Fələstinin mülki əhalisi arasında qurbanların artması ilə Qəzza müharibəsi 2022-ci ilin fevralında Rusiyanın işğalından bəri Ukrayna üçün ən çətin diplomatik sınaqlardan birini təmsil edir.

 

Bəzən Ukraynaya həlledici dəstək verən Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr Qərbi Qəzzada ikili standartlarda günahlandıraraq, İsrailin təmkinli tənqidi ilə müqayisədə Ukraynada mülki ölümlərin geniş şəkildə qınanmasına işarə etdilər.

 

Bununla birlikdə, müsəlman və ərəb ölkələri ilə gərginlik Kiyevin üzləşdiyi risklərdən yalnız biridir və Ukrayna indi bütün dünyanın diqqətinin əsasən Yaxın Şərqdəki yeni müharibəyə yönəlməsi ilə mübarizə aparmaq məcburiyyətində qalır. Nümayəndələr Palatasının respublikaçıları yeni spikeri Mayk Conson Ukraynaya əlavə yardım göndərilməsinə qarşı çıxır.

 

Bəzi ekspertlər qeyd edirlər ki, İsrail artıq Ukraynanın böyük dəstəyinə cavab verməyəcəyini açıq şəkildə bildirib.

 

Yaxın Şərq İnstitutunun sülh quruculuğu üzrə mütəxəssisi Randa Slim, İsrailin qismən Rusiyanın Suriya üzərində nəzarəti səbəbiylə Moskva ilə münasibətlərini qorumaqdan başqa çarəsi olmadığını söyləyir və xatırladır ki, İsrail HƏMAS hücumundan sonra Zelenskinin ölkəyə səfər təklifini rədd etdi.

 

Zelenskinin “İsrail tərəfdarı mövqeyinin heç bir nəticə vermədiyini” deyən Slim, bir çox ərəb və müsəlman ölkələr İsrail ilə Ukrayna arasında olduğundan daha çox, İsrail və Rusiya arasında — təcavüzkar hərbi güclər baxımından, oxşarlıqlar gördüklərini söyləyirlər.

 

"Ərəb bölgəsinin olduğu yer budur. Onlar Baydenin Rusiya və HƏMAS-ı müqayisə edərkən dediklərini qəbul etməyəcəklər. Ölənlərin sayı və mülki əhaliyə edilən hücumlarla əlaqədar olaraq Rusiya ilə İsraili daha çox müqayisə edirlər", - ekspert belə düşünür.

 

Onun fikrincə, Zelenski İsrailin Qəzzada etdiyini Rusiyanın da Ukraynada etdiyini söyləməyə hazır olsaydı, daha çox dost qazana bilərdi: “Ancaq Ukraynanın buna hazır olduğu və ya bunu etmək istədiyi görülmür”.

 

Rusiya prezidenti Vladimir Putin əvvəlcə İsrailə birbaşa başsağlığı vermədiyi və HƏMAS-ı qəti qınamadığı kimi, Zelenski də Qəzzada fələstinli mülki əhalinin qorunması zərurəti barədə danışmağa tələsmədi.

 

HƏMAS hücumu ilə bağlı xəbərlər ilk dəfə ortaya çıxanda Zelenski və komanda üzvləri HƏMAS-ı Rusiya ilə müqayisə edərək, ukraynalıların İsraildə "baş verənlər haqqında xüsusi bir anlayışa" sahib olduqlarını söylədilər (İsraildə çox sayda Ukrayna və rus mühaciri yaşayır). Yalnız 10 gün sonra Zelenski dolayı yolla Qəzzanın bombalanmasına eyham vuraraq mülki əhalinin qorunması və eskalasiyanın zəruriliyindən danışdı.

 

Bununla belə, Zelenski Qəzzada minlərlə dinc fələstinlinin və ən azı 21 Ukrayna vətəndaşının ölümünə baxmayaraq İsrail hücumlarını tənqid etməkdən çəkindi.

 

Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin mübadiləsi və Ukrayna taxılının ixracının blokadası kimi məsələlərdə danışıqlarda mühüm rol oynayan Türkiyə və Qətərin xarici işlər nazirləri Qərbin ikiüzlülükdə ittiham olunduğu birgə bəyanatla çıxış ediblər.

 

Qətərin sözçüsü Məhəmməd bin Əbdülrəhman əl-Tani "mülki şəxslərin qətlini bir kontekstdə qınamaq və başqa bir kontekstdə əsaslandırmaq yolverilməzdir", - deyib. Türkiyə təmsilçisi Hakan Fidan isə əlavə edib ki, Qərbin Qəzzada qətlləri pisləyə bilməməsi “çox ciddi ikili standartı” təmsil edir.

 

Digər ekspertlər Zelenskinin müqayisə cəhdlərinin ərəb ölkələrində əks-səda doğurmayacağını bildiriblər.

 

Ukrayna-ərəb münasibətləri haqqında bir məqalə yazan Rays Universitetinin elmi işçisi Christian Ulrichsen, Ukraynanın ərəb dünyası üçün "heç vaxt ön planda olmadığını" söyləyib: “Bu, onlara aid olmayan bir qarşıdurmadır”.

 

Ulrichsen əlavə edib: “İsrail o qədər sərt mövqe tutur ki, Yaxın Şərqdə kiminsə Ukrayna haqqında düşündüyünə inanmıram”.

 

Bu həftə sonu Ukraynada Rusiya qoşunlarının işğal olunmuş Ukrayna ərazisindən birtərəfli qaydada çıxarılmasını və Ukraynanın ərazi suverenliyinin tam bərpasını nəzərdə tutan "sülh planı"na qlobal dəstəyin gücləndirilməsinə yönəlmiş danışıqların üçüncü raundu keçirilməli idi.

 

Səudiyyə Ərəbistanının avqust ayında Ciddə şəhərində təşkil etdiyi və demək olar ki, bütün əsas qoşulmayan güclərin nümayəndələrinin qatıldığı Ukraynadakı ilk Sülh formulu görüşündən fərqli olaraq, Səudiyyə rəsmilərinin bu həftə sonu Maltadakı tədbirə qatılıb-qatılmayacağı bəlli deyil.

 

Zelenski Bazar ertəsi Səudiyyə ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışdı və Riyad tərəfindən edilən telefon danışığı xəbərində Malta Konfransı və ya Ukraynaya daha çox yardımdan bəhs edilmədi.

 

Bloomberg xəbər verir ki, son günlərdə İsrail-Fələstin münaqişəsini həll etmək üçün iki dövlətin birgəyaşayış prinsipinə qayıtmaq çağırışlarında Rusiyaya qoşulan Çin də Maltadakı tədbirdə iştirak etməyib.

 

Türkiyə Maltaya nümayəndə heyəti göndərməyi planlaşdırırdı, lakin son günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı kəskin danışdı və HƏMAS-ı Zelenskinin bəyan etdiyi mövqedən kəskin şəkildə fərqlənərək “müqavimət hərəkatı” adlandırdı.

 

Rusiyanın şərq cəbhəsində hücumları artırdığını nəzərə alsaq, Ukraynanın heç bir dostunu itirməyə imkanı yoxdur. Bu, Konqresdəki respublikaçıların Ukraynaya daha çox yardım göndərməsinə qarşı artan müxalif mövqelərini nəzərə alanda xüsusilə əhəmiyyətlidir.

 

Prezident Bayden Ukraynaya 60 milyard dollar əlavə yardım ayırmağı təklif etdi və son çıxışında İsrailin maliyyələşdirilməsinin artmasını ABŞ-ın sərhədlərini qorunması ilə əlaqələndirdi.

 

Ancaq indi Ağ Ev Ukraynanın daha çox maliyyələşdirilməsi təklifinə qarşı dəfələrlə səs verən və “Fox” Xəbər Agentliyinə açıqlamasında Ukraynanın maliyyəsini İsrailə yardımdan ayırmaq niyyətində olduğunu söyləyən Nümayəndələr Palatasının yeni spikeri Conson ilə uğraşmalı olacaq.

 

Hərçənd, Conson Vaşinqtonun Ukraynanı tərk etməyəcəyini söylədi, ancaq Ağ Evin son hədəflərini də şübhə altına aldı. Bu vaxt Avropada, bu yaxınlarda Çində bir konfrans çərçivəsində Putinlə görüşən Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin Ukraynaya 50 milyard avro yardım təklifini rədd etməyə hazırlaşır.

 

Aİ paketinə səsvermə dekabr ayında blokun 2023-2027 büdcəsi çərçivəsində keçiriləcək və təsdiqlənməsi üçün 27 iştirakçı ölkənin yekdilliklə səsverməsi tələb olunur .

 

Ukraynanın keçmiş iqtisadiyyat naziri Timofey Milovanov Zelenski Administrasiyasının Ukraynaya beynəlxalq dəstəyi bərpa etmək, qısa və orta müddətdə müharibəyə diqqəti artırmaq üçün plan hazırlayacağına inandığını bildirib.

 

Ukrayna Xarici İşlər Nazirliyi, Ukrayna Prezident Administrasiyası və Zelenskinin mətbuat katibi planların nə olduğunu, nəyə səbəb ola biləcəyini şərh etmək istəməyiblər.

 

London Chatham House Düşüncə Mərkəzinin Ukrayna proqramının direktoru Oricia Lutseviçin sözlərinə görə, Ukrayna bu arada ABŞ-ın dəstəyinin azala biləcəyinə hazırlaşır.

 

Lutseviçin sözlərinə görə, Alman və Türk silah şirkətləri ilə son müştərək müəssisələrin yaradılması, eləcə də Britaniya və Amerika istehsalçıları ilə danışıqlar aparması Ukraynanın "B planı"nın öz ənənəvi xarici siyasətindən uzaqlaşmaq ehtimalının olduğunu sübut edir.

 

"Amerika Ukraynanı tamamilə tərk edərsə, bu çox çətin olacaq", - deyən Lutsevich bildirib: “Ancaq Ukrayna özünün sahib olduğu və Avropa müttəfiqlərindən aldığı mənbələrlə döyüşməyə davam edəcək”.

 

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 297          Tarix: 29-10-2023, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma