Ötən gün İranın İsrailə hava zərbələri endirməsində maraqlı bir hadisə yaşandı. İsrailə dron və raket zərbələri endirməyə çalışan İran nədənsə bunu “tətiyi çəkdiyi” anda dünyaya duyurdu. Halbuki həmin atışlar 7-8 saat sonra hədəfinə çatacaqdı. Əslində isə hərbi təcrübələrə nəzər salsaq, adətən hədəflər vurulduqdan sonra onun kim tərəfindən həyata keçirildiyi etiraf olunur.
Sual ortaya çıxır: İran niyə atışlarının hədəfə çatmasını gözləmədən bunu bəyan etmişdi? Bu, “mən səni bir neçə saatdan sonra vuracağam, çalış, zərbələri vaxtında zərərsizləşdir” xəbərdarlığı deyildimi?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bu müəmmanı iki mümkün səbəblə izah edir:
“Əvvəla, İranın “qəhrəmanlığı” barədə ən çox yayılan mülahizələrdən biri odur ki, bu ölkə ABŞ və İsrailə zərbə endirmədən qabaq düşmən tərəflə razılaşır. Onlara deyir ki, siz mənim “qırmızı cizgi”mi ayaqladınız. Məcburam, sizə “xala xətrin qalmasın” tərzində cavab verəm. Amma məqsədim sizə zərər vurmaq deyil. Tədbirinizi qabaqcadan görün ki, atdığım “daş” sizin “quş”a dəyməsin”.
Heydər Oğuzun fikrincə, bu iddianı ilk dəfə ABŞ-ın sabiq prezidenti Donald Tramp irəli sürmüşdü:
“O iddia etmişdi ki, ABŞ İranın generalı Qasım Süleymanini vuranda, Tehrandan ona ismarış göndərilib. Deyilib ki, “nüfuzunu xilas etmək” əməliyatı keçirəcəklər. Tramp da məhz bu səbəbdən həmin gün başqalarından fərqli olaraq həyatının ən rahat yuxusuna dalmışdı. İranın bu dəfə də İsrailə endirdiyi zərbələri hədəfinə çatmamış bəyan etməsi həmin “danışılmış qəhrəmanlıq” ssenarisini ağla gətirir”.
Bununla belə, Trampın təbliğat xətrinə məlum bəyanatı verdiyinə inanan Heydər Oğuz məsələnin kökünü daha inandırıcı amildə axtarır:
“Bu amil isə ondan ibarətdir ki, İran həmin dronların və raketlərin İsrail hava sahəsinə keçməyəcəyini, yarı yolda vurulacağını bilirdi və necə ki, elə də oldu. Atdığı 300-dən artıq raket və dronların 99 faizi İordaniya və Suriya üzərində ABŞ və İordaniya ordusu tərəfindən zərərsizləşdirildi. O zaman hansı məntiqlə öz mərmilərinin gedib çatmayacağı hədəfi vurmasını gözləməli idi? İran üçün ən böyük “qəhrəmanlıq” yarı yolda səfərini tamamlayacaq mərmilərin tətiyini çəkmək idi və buna görə də tətik çəkildiyi an bunu dünyaya bəyan etmişdi”.
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: