Xəbər verildiyi kimi ötən gün axşam Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı ciplə dəhşətli qəza törədilib. Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada yaralanıb. Həmin avtomobil baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qız nəvəsi Nail Allahverdiyevə məxsusdur. Bu qəza geniş ictimai rezonansa səbəb olub və virtualaz.org Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidova sorğu ilə müraciət edərək bu nazirliyin məsələyə rəsmi münasibətini öyrənib.
Ovqat.com xəbər verir ki, Ehsan Zahidov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib:
- Həqiqətən ötən gün Bakının Heydər Əliyev prospektində vətəndaş Nail Allahverdiyevə məxsus olan, “Mercedes Gelandawagen” markalı avtomobil yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində əvvəlcə VAZ markalı avtomobillə toqquşub, daha sonra idarəetmədən çıxaraq ikinci dərəcəli yola çıxıb, orada yol kənarında dayanan piyadaları da vurub və maneəyə dəyərək alışıb.
Ehsan Zahidov
Qəza zamanı avtomobilin vurduğu piyadalardan Vaqif Əsədov adlı vətəndaş hadisə yerində həlak olub, digər iki piyada-Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş müxtəlif dərəcədə bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Habelə qəza zamanı avtomobildə olan Mehdi Əliyev adlı şəxs hadisə yerində həlak olub.
- Hüquq-mühafizə orqanları geniş ictimai rezonansa səbəb olan bu hadisə ilə bağlı hansı tədbirləri görür?
- Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
- Mətbuat yazır ki, qəzaya düşən avtomobilin sahibi yüksək vəzifəli məmurlardan birinin qohumudur və məlumatlara görə həmin şəxs özü də avtomobildə olub. Bu məlumatlarla bağlı nə deyərdiniz?
- Kimliyindən asılı olmayaraq bu hadisəni törədən, yəni qəza anında avtomobilin sükanı arxasında olan şəxs qanuna müvafiq olaraq məsuliyyətə cəlb olunacaq.
Paylaş: