Ermənistan danışıqları ləngidib, sülh prosesini arxa plana atmaq istəyir.
Bu sözləri Axar.az-a Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi intensiv pozması və dinc sakinləri hədəfə almasına münasibət bildirən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistan bu hərəkətləriylə bölgədəki vəziyyəti yüksək gərginlikdə saxlamağa cəhd edir:
“Ermənistanın cəbhə bölgələrində dinc sakinləri hədəf alması hələ də öz işğalçı siyasətini yeritməsindən xəbər verir. Ermənistan hər vəchlə Dağlıq Qarabağ probleminin həllini gecikdirməyə çalışır. Ancaq İrəvan başa düşməlidir ki, Azərbaycan heç vaxt bununla razılaşmayacaq və rəsmi Bakının prinsipial mövqeyi ortadadır: əgər danışıqlar nəticə verməsə, münaqişənin həlli bilavasitə rəsmi Bakının istəyindən asılı olacaq”.
Politoloq qarşıdurmanın dərəcəsi artdıqca müharibə ehtimallarının da artığını deyib:
“Sərkisyan dünyaya mətbəx diplomatiyası səviyyəsində mesajlar ötürür ki, guya Ermənistan inteqrasiya proseslərində yarımhal vəziyyətdədir. Buna səbəb kimi isə Azərbaycan və Türkiyə ilə yaşadığı problemləri göstərir. Əslində, bu, Ermənistanın siyasətinin zəifliyindən irəli gəlir. Çünki İrəvan yaxşı başa düşür ki, bu vəziyyətdən uzaqlaşmaq üçün bölgədəki qonşuları ilə dil tapmalı, işğalçı siyasətindən imtina etməli və hərbi birləşmələrini Azərbaycan torpaqlarından çıxarmalıdır”.
T.Abbasov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı Raminin yaralanması İrəvanın yeritdiyi işğalçı siyasətin davamıdır:
“Alxanlıda baş verən hadisələrdə Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın ön xəttində olan qüvvələrini yerlə yeksan etdi. Fikrimcə, ordumuz bu dəfə də ermənilərin layiqli cavabını verəcək”.
Paylaş: