"ABŞ Məxfi Xidmətində fundamental dəyişikliklərə ehtiyac var – əks təqdirdə, ölkə liderlərinə qarşı sui-qəsd cəhdləri davam edəcək".
Musavat.com xəbər verir ki, prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini təhlil edən müstəqil komissiyanın hesabatında belə deyilir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) rəhbəri Alexandro Mayorkasa göndərilən hesabatda qeyd olunur ki, Məxfi Xidmətin öz missiyasını yerinə yetirə bilməsi üçün fundamental islahatlara ehtiyacı var.
Müstəqil komissiyanın fikrincə, bu islahatlar olmadan Batlerdəki hadisə yenidən təkrarlana bilər. 52 səhifəlik hesabatda, xüsusən, yüksək səviyyəli bəzi rəhbərlərin vəzifədən kənarlaşdırılması və agentliyin rəhbərliyinə xarici mütəxəssislərin cəlb olunması tövsiyə edilir.
Hesabat müəllifləri ölkənin bir çox yüksək vəzifəli şəxslərini qorumaq üçün həyatlarını riskə atan agentlərin işini yüksək qiymətləndiriblər, lakin agentliyin rəhbərliyi ilə bağlı bir sıra çatışmazlıqları qeyd ediblər.
Sənəddə xüsusi olaraq işçilər arasında “tənqidi düşüncənin çatışmazlığı”, onların problemlər barədə açıq danışmaq istəməməsi, həmçinin mühüm tədbirlərin mühafizəsi zamanı digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə kommunikasiya çatışmazlığı vurğulanıb.
Hesabatın tərtibində dörd nəfər iştirak edib: Mark Filip — Corc Buş dövründə ABŞ baş prokurorunun müavini olmuş hüquqşünas, Devid Mitçell — 50 ildən çox xidmət göstərmiş keçirmiş polis işçisi, Canet Napolitano — Barak Obamanın dövründə ABŞ-ın keçmiş daxili təhlükəsizlik naziri, Frensis Taunsend — ABŞ prezidentinin daxili təhlükəsizlik və terrorizmlə mübarizə üzrə keçmiş müşaviri.
Məlumat üçün bildirək ki, Məxfi Xidmətin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı ilk addımlar artıq atılıb: agentliyin keçmiş direktoru Kimberli Çitl vəzifısindən kənarlaşıb.
Hazırda Məxfi Xidmətin direktoru vəzifəsini müvəqqəti olaraq Ronald Lou icra edir. Lou bildirib ki, agentlik komissiyanın tapıntılarını diqqətlə öyrənəcək.
Paylaş: