Rusiyanın “xüsusi hərbi əməliyyat” adıyla Ukraynaya qarşı başladığı işğalçı müharibədən 1000 gün keçdi. Bu, iki dövlət arasında müharibə sərhədini aşaraq beynəlxalq aləmin əsas probleminə çevrilib. “Üçüncü Dünya müharibəsi” və “nüvə müharibəsi” terminləri adiləşib.
Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əksini tapıb.
Bildirilib ki, Ukrayna Xarici İşlər Nazirliyinin savaşın 1000-ci günü ilə bağlı yaydığı bəyanatda İkinci Dünya müharibəsindən sonra Avropa qitəsində Rusiyanın başlatdığı ən irimiqyaslı təcavüzkar aktın beynəlxalq təhlükəsizlik sistemini məhv etdiyi bildirilib:
“Rusiya ordusunun Buça, İrpin, İzyum, Mariupol və digər şəhərlərdə törətdiyi dəhşətli cinayətlər, Kaxovka SES-in dağıdılması, ukraynalı hərbi əsirlərin edam edilməsi, o cümlədən yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mülki infrastrukturun qəsdən məhv edilməsi qeydə alınıb”, – deyə vurğulanan bəyanatda ukraynalıların Rusiya, Şimali Koreya və İran istehsalı olan müxtəlif növ idarə olunan bombalar, raketlər və pilotsuz təyyarələrin davamlı hücumları şəraitində yaşadığı qeyd edilib. Bəyanatda bütün çətinliklərə baxmayaraq, Ukraynanın AB və NATO üzvlüyünə doğru irəlilədiyi xatırladılıb.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1000-ci günü ilə bağlı Parlamentdəki çıxışında ukraynalıların yalnız özlərinə güvənmələri zərurətini bu sözlərlə izah edib: “Dünyanın Trampdan böyük gözləntisi olduğu halda, biz hər gün çalışmalı və qələbəni təmin etməliyik”. Zelenski bu sözlərlə ona işarə edib ki, ABŞ-ın yardımı Ukrayna üçün vacib olsa da, Ağ Evin yeni sahibi Donald Trampın Ukraynaya yardımı azaltması və ya dayandırması onların işğalçıya qarşı mübarizə əzmini əsla sarsıtmayacaq.
Buna baxmayaraq, Vladimir Zelenski reallıqlarla hesablaşır və xarici dəstəyin Ukrayna üçün həyati əhəmiyyət daşıdğını anlayır. Təsadüfi deyil ki, Zelenski xarici işlər naziri Andrey Sibiqanı Vaşinqtona göndərib. O, prezident seçilən Donald Trampın yaxın ətrafındakı şəxslərlə görüşlər keçirəcək. Kiyevin bununla iki məqsədi var: 1) Trampın gələcək müşavirlərinin Ukrayna siyasətini müəyyənləşdirmək; 2) Ukraynaya dəstəyin azaldılmasının və ya dayandırılmasının dünya üçün daha böyük təhlükə yaradacağını onlara izah etmək.
Andrey Sibiqa Vaşinqtonda görüşlər keçirərkən, onun yeni təyin olunan müavini Oleksandr Mişenko Ankaraya gedib. Vaxtilə Ukraynanın Türkiyə və Azərbaycanda səfiri vəzifəsində çalışmış Mişenko bölgəni yaxşı tanıyır. Kiyev üçün Ankaranın da Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirməsi vacibdir. Kiyev Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsini dayandırması üçün irəli sürdüyü yeni plan barədə detallı məlumat əldə etmək istəyir.
Müharibənin bitməsini hamı arzulayır. Ancaq Ukrayna və ona dəstək verən dövlətlər ədalətli sülh, Kreml isə qonşu ölkənin bir hissəsinin işğalını rəsmiləşdirməyə imkan verən sülh istəyir. Ona görə də 1000-ci gününü geridə qoyan müharibənin yaxın aylarda bitəcəyini söyləmək çətindir”.
Paylaş: