Finlandiya müstəntiqləri, Estlink-2 elektrik kabelinin zədələndiyi Baltik dənizinin dibində çox kilometrlik bir iz aşkar ediblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin izin lövbər tərəfindən qoyulduğu müəyyən olunub.
"Bu izin uzunluğu onlarla kilometrdir," – deyə Finlandiya Milli Təhqiqatlar Bürosunun rəhbəri Sami Paila bildirib.
Hələlik lövbərin dəqiq necə endirildiyini və onun harada olduğunu müəyyən etmək mümkün olmayıb. "İz gəminin lövbər zəncirini qaldırdığı yerdə sona çatır və bu nöqtədən şərqə doğru bir neçə on, bəlkə də yüz kilometrə qədər uzanır," – deyə Finlandiya müstəntiqlərindən biri “Yle” agentliyinə müsahibəsində bildirib.
Bundan əvvəl mətbuatda Finlandiya sərhəd xidmətləri tərəfindən kabelə ziyan vurmaqda şübhəli bilinərək saxlanılan "İql S" tankerinin fotoları dərc olunmuşdu. Fotolarda tankerə sol tərəfində lövbərin olmadığı görünür, halbuki əvvəlki şəkillərdə həmin lövbər mövcud idi.
Polis Baltik dənizində sualtı infrastruktur obyektinə qarşı vandalizm faktını araşdırır. “Estlink 2” elektrik kabelinin təmiri yeddi ay çəkəcək və bu işlərin dəyəri on milyonlarla avroya başa gələcək.
Qeyd edək ki, Finlandiya, Estoniya ilə Finlandiyanı birləşdirən “Estlink 2” kabelində 25 dekabrda baş vermiş nasazlıqdan sonra Kuk Adaları bayrağı altında üzən "İql S" neft tankerini saxlayıb. Finlandiya sərhəd xidmətləri tankeri Porkkala sahillərinə müşayiət edib.
Həmin tankerin Rusiyanın beynəlxalq sanksiyalardan yan keçərək neft daşımaq üçün istifadə etdiyi "kölgə donanması"na aid olduğu güman edilir.
“Marinetraffic” dəniz hərəkətini izləmə xidmətinin məlumatına görə, gəmi Rusiyadan Misirə neft daşıyıb. “Yle” agentliyinin xəbərinə əsasən, kabeldə nasazlıqlar qeydə alındığı anda tanker sürətini əhəmiyyətli dərəcədə azaldıb.
“Lloyd's List” saytı isə tankeri casus gəmi" kimi fəaliyyət göstərən ötürücü və qəbuledici cihazlarla təchiz edildiyini yazıb.
Paylaş: