Dekabrın 30-da Litva lideri Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verərək, xəsarət alanların tezliklə sağalmasını arzuladı və xalqımızla həmrəyliyini bildirdi. Litvadan edilən zəngin siyasi sətiraltısı Azərbaycan təyyarəsinin Rusiya səmasında hərbi təcavüzə məruz qalması barədə informasiya axınının bir növ kölgəsində qaldı. Xəbərin özəlliyi isə bunda idi ki, Nauseda təyyarə terrorundan sonra azərbaycanlı həmkarına zəng edən ilk və son Qərb lideri idi...
Cənab Nausedanın bu cəsarətdə bulunmasında, təbii ki, təyyarənin, sadəcə, qəzaya uğraması barədə xəbər deyil, zenit-raket kompleksinin hədəfi olması, özü də Rusiya səmasında vurulması faktı başlıca rol oynamışdı. Bu zəng ABŞ-nin "51-ci ştatının potensial qubernatoru" Castin Trüdonun Azərbaycanın deyil, Ukraynanın lideri Zelenskiyə zəng edib, AZAL-a məxsus təyyarəyə qarşı təcavüz barədə məlumat alması fonunda qeyri-adi görünməyə bilməzdi. Sual oluna bilər ki, kiçik Litva ilə uzaq və böyük, Avroatlantik məkanın sözükeçən üzvlərindən biri olan Kanada arasında paralellər aparmaq nə qədər düzgündür? Məsələ burasındadır ki, Litva da daxil olmaqla Baltikyanı dövlətlər Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə təmaslarında özünəməxsus bənd rolunu oynamaqdadırlar. Cənab Nausedanın da zəngi Vilnüsdən çox, Brüsseldən edilmiş zəng təəssüratını yaradırdı.
Latviyanı istisna etsək, Litva və Estoniyanın "qoca qitə"nin parlamentar strukturlarında Azərbaycana münasibətdəki davranışları o qədər də ürəkaçan deyil. Baltikyanı ölkələr nəinki Azərbaycan, bütövlükdə bölgə ilə bağlı proseslərdə Avropa İttifaqının bir növ komissarı rolunu oynayırlar. Bu konfiqurasiya xüsusilə parlamentar müstəvidə daha aktualdır. Azərbaycanın təmsil olunduğu GUAM Parlament Assambleyasının, demək olar, bütün tədbirlərində Baltika Assambleyası, Skandinav dövlətlərini birləşdirən Şimal Şurası və Şərqi Avropanın dörd ölkəsini bir araya gətirən Vışeqrad Qrupu müşahidəçi qismində iştirak edirlər. Bu təşkilatların üzərinə GUAM məkanının Avropa ilə inteqrasiyasında körpü funksiyasını oynamaq missiyası qoyulub.
Daha bir tutarlı arqument: Gürcüstandakı siyasi gərginlik zamanı Baltikyanı dövlətlərin sərgilədikləri mövqe. Bu ölkələrin parlamentarilərinin, hətta nazirlərinin narazı kütlənin Qərb tərəfindən həvəsləndirilən aksiyalarında iştirakı rəsmi Tbilisinin haqlı narazılığına səbəb olmuşdu. Ortada diplomatik qalmaqal faktı var idi. Gürcüstan parlamentinin yerli QHT-lərin fəaliyyəti ilə bağlı qanunverici təşəbbüslərinə sərt reaksiya verən ilk Qərb dövlətləri də məhz Baltikyanı bölgənin təmsilçiləri idi. Bu azmış kimi, parlament seçkisindən sonra gürcü hökumətinin yüksəkvəzifəli nümayəndələrinə qarşı sanksiya tətbiq edən ilk dövlətlər də onlardır.
Bu baxımdan, istisna deyil ki, təyyarə qəzasından sonra Qərbi Avropanın reaksiyasını bildirmək Litva prezidentinə həvalə olunub. Çünki Baltikyanı dövlətlərin Brüsseldən gələn direktivlərin yoxluğu şəraitində özfəaliyyətlə məşğul olmaları az inandırıcı, son illərin konyunkturu reallığında isə ümumiyyətlə mümkünsüz görünür. Ukrayna istiqamətində dəridən-qabıqdan çıxan Aİ, Avropa Komissiyası, Avropa Şurası, yaxud Avropa Parlamentinin rəhbərləri nəyi deyə bilməmişdilər, daha doğrusu, deməyə üzləri olmamışdı, cənab Nausedaya həvalə etmişdilər. O isə, insaf naminə, üzərinə qoyulan vəzifənin öhdəsindən vicdanla gəlməyi bacardı.
Yeri gəlmişkən, yanvarın 1-dən etibarən Rusiya qazının Avropaya nəqli dayandırılıb. Rəsmi Kiyev 1991-ci ildən qüvvədə olan müqavilənin uzadılmasından imtina edib. Macarıstan, Avstriya və İtaliya Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin davam etdirilməsinə dair birgə bəyannamə imzalayıblar. Moldovada fövqəladə vəziyyət rejimi işə düşüb. Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanı sərt tənqid atəşinə tutub. Qarşıdakı ildə Rusiya qazının yoxluğunda Avropada qiymətlərin kəllə-çarxa çıxacağı çoxdan proqnozlaşdırılır. Ukraynada müharibə başlayanda Bakıya gəlib Azərbaycandan əlavə qaz xahiş edən, bizim təyyarəmizlə bağlı faciəni qulaqardına vurub, iki gün sonra qəzaya uğramış Koreya "Boeing"inə görə təəssüf tviti atan xanım Ursula fon der Lyayen, görəsən, növbəti zəngi kimə etdirəcək?
Paylaş: