Polşanın şimal-qərbində Qərbi Pomeraniya voyevodalığının ətrafındakı “əyri” və ya “sərxoş” adlandırılan meşə təxminən 400 məşhur şam ağacından ibarətdir.
Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, ağacların bu qədər məşhur olmasının səbəbi isə maraqlı gövdələridir. Belə ki, ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir.
Almaniya ilə sərhəd olan Pomeraniyada 1930-ci ildə salınmış meşədəki ağacların qeyri-adi quruluşa malik olmasının səbəbi hələ də dəqiq şəkildə müəyyənləşdirilməyib. Bəziləri ağacları güclü küləklərin əydiyini, digərləri isə sırf mebel istehsalı üçün bu cür əkildiyi versiyasını irəli sürüblər. Digər bir maraqlı versiyaya görə, bir seleksiyaçı insanların meşədə azmaması üçün belə addım atıb. Ona görə bütün ağaclar şimala tərəf əyilib. Lakin İkinci Dünya müharibəsinin başlanması səbəbindən həmin seleksiyaçı ideyasını sona qədər reallaşdıra bilməyib.
Qrifino şəhərindəki 1,7 hektar ərazini əhatə edən həmin meşədə müşahidə olunan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Maraqlıdır ki, həmin meşənin yaxınlığında yerləşən bütün digər şam ağacları tamamilə normal haldadır. Hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur.
Paylaş: