Xəbər lenti

“Ötən mövsüm "Milan" və "Yuventus" komandaları arasında İtaliya Super Kubokunun finalı Dohada keçirilib. Biz niyə Azərbaycanda, Doha oynamırıq? Türkiyədə futbolun səviyyəsi çox yetərsizdir”. 

“Report” xəbər verir ki, bunu “Tivibu Spor”da yayımlanan “Orta Nokta” proqramının qonağı olan “Beşiktaş” klubunun prezidenti Fikret Orman futbol üzrə Türkiyə Super Kuboku uğrunda oyunun ölkə xaricində keçirilmə variantına münasibət bildirərkən deyib.

50 yaşlı funksioner bildirib ki, Türkiyə futbolunun marka dəyərini yüksəltmək lazımdır. Onun sözlərinə görə, bu yöndə yetərli işlər görülmür: “İtaliya və ya İspaniya bu istiqamətdə çalışırsa, biz niyə etmirik? Tanzaniyaya getsən, "Mançester Yunayted"in oyununu izləyə bilərsən. Marka dəyəri bu cür olur. Türkiyədəki matçlar izlənə bilinirmi? Türkiyədə öz vətəndaşlarını stadiona gətirə bilmirsənsə, başqalarını necə gətirəcəksən? Səviyyəni yüksəltmək lazımdır, səviyyəni!"

“Beşiktaş”ı həqiqi bir dünya klubuna çevirmək istədiklərini deyən F.Orman mövsümlərarası fasilə ərəfəsində Çində toplanış keçməyin tərəfdarı olduğunu vurğulayıb: “Məqsədimiz xaricdə tanınmaqdır. Çinə getmək, orada mövsüm öncəsi hazırlıq keçmək, qloballaşmaq istəyirik. "Fənərbağça" və ya "Trabzonspor"la çox oyun keçirdik. Əsas bu deyil. Türkiyə futbolunu gözəlləşdirmək üçün mübarizə aparmağımız lazımdır. Həqiqi bir dünya klubu olmaq istəyir və bunun üçün çalışırıq”.

Qeyd edək ki, Fikret Orman bunadək iki dəfə “Beşiktaş” komandasının yoldaşlıq matçı keçirmək üçün Azərbaycana gedəcəyini açıqlayıb. Lakin hər iki halda səfər təxirə salınıb. O, son olaraq oktyabrda 2018-ci il dünya çempionatının seçmə qrup matçları ilə əlaqədar milli çempionatlarda yaranacaq fasilə zamanı Azərbaycana gəlməyi planlaşdırdıqlarını deyib.




Ana səhifəyə qayıt        Baxış: 838          Tarix: 26-09-2017, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma