Xəbər lenti

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıya dönüb. “Report” xəbər verir ki, 48 yaşlı xorvatiyalı mütəxəssisin üçillik müqaviləsinin müddəti dekabrda baş çatması öz yerində, onun kiçik qızı dekabrın ortalarınadək burada orta məktəbə getməlidir..

Prosineçki oktyabrın 16-da Bakıya səfəri ərəfəsində vətənində “Veçerniy list”ə müsahibə verib:

- Xorvatiya millisinin baş məqşçisi olmağa namizəd göstərilirsiniz...

- Bu barədə oxumuşam. Xeyr, çox sağ olun. Burada işləmək istəmirəm, çünki onlardan biri deyiləm. Münasibətlərim bəllidir. Mövqeyimi bir saatın içində dəyişə bilmərəm. Hər halda, komanda mundiala vəsiqə qazanmağın bir addımlığındadır. Oyunçular yaxşıdırlar. Yeni baş məşqçi Zlatko Daliç Ukraynaya qalib gəldi və bu şansı haqq etdi. Ona işini tamamlamaq üçün imkan yaradılmalıdır.

- Azərbaycan millisində qalmaq istəmirsiniz?

- Fikirlərim belədir: Bu, yaxşı və qiymətli təcrübə idi. Ancaq mən bilmirəm ki, bu istiqamətdə yeni addımlar atmağım mümkündürmü? Biz seçmə mərhələdə 10 xal qazandıq, yaxşı oynadıq. Bu, oyuncaq keyfiyyətidir. İndiki durumda daha yaxşısını etmək olmazdı. Yeni səhifə açmağın vaxtı çatıb.

- Klub əsas variantdır?

- İndi klubda çalışmaq daha maraqlıdır, lakin iş tapmaq asan deyil. Siz güclü lobbinin bir hissəsi deyilsinizsə, bu, çox çətindir. Məsələn, Andre Villaş-Boaş. O, bir qrup insanın məhsulu idi. Onlar yeni Mourinyo yaratdılar. Lakin heç nə əldə edə bilmədi. Yaxşı klublarda çalışdı. Sonda onunla nələrə qadir olduqlarını bilmədiklərindən, Çinə getdi və bir neçə milyon qazandı.

- Türkiyədən təklif var idi?

- "Bursaspor"la danışmışdım. Bu ölkədə futbola böyük diqqət ayrılır, stadiondan təlim-məşq bazalarınadək infrastruktur yüksək səviyyəlidir.

- Sloveniya, Bosniya və Herseqovinadan sonra Avstriya ilə də adınız hallanır. Vahid Halilhociç, Çiro Blajeviç tez-tez sizi tərifləyir...

- Onlar işimi izləyirlər. Lakin yenə deyirəm: Mən klubda işləmək istərdim. Bizə daha çox iş görmək, irəli getmək lazımdır. Milli komandada 2-3 ayda bir dəfə çalışırsınız. Bu isə bir qədər çətindir.

- Bəs Sloveniya Futbol Federasiyasının təklifi necədir?

- Sloveniya maraqlı variantdır. Bu ölkədə maraqlı oyunlar üçün yaxşı potensial var. Lakin daha vacib məsələ Sloveniya Futbol İttifaqının tam qurulmasıdır. Orada hər şey var. Sloveniyalılar digər federasiyalar kimi pul verə bilmirlər. Lakin orada dövlətin gördüyü işləri bəyənirəm.

- Bunlar Xorvatiyada yoxdur?

- Mən Xorvatiya Futbol İttifaqını bura qatmaq istəməzdim. Ətrafımızda pis ab-hava var. Milli komanda daim böyük cərgələrdədir, klubları Çempionlar Liqası və Avropa Liqasında iddialıdırlar. Amma insanlar axmaq deyil, onlar nələrin baş verdiyini, kimin qaçdığını, kimin futbol oynadığını bilirlər. Lakin bu da bizim cəmiyyətdəki iqlimin bir hissəsidir. İnsanlar Xorvatiyanı tərk etdikdə sevinirlər. Bu isə pis haldır.

- Nə etməli?

- Sıfırdan başlamaq lazımdır. Ləkəsiz, karyeraları ərzində nə isə etmiş insanlar gəlməlidirlər. İnsanlara sadəcə, inandırmaq lazımdır ki, futbol gözəl, təmiz oyundur. Lakin təəssüf ki, belə insanları görmürəm. 




Ana səhifəyə qayıt        Baxış: 648          Tarix: 17-10-2017, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma