"Rövnəq Abdullayevə, AFFA İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Hər kəsin arzusu millidə oynamaq və baş məşqçinin də istəyi milliyə rəhbərlik etməkdir. Bilirəm ki, bu, çox məsuliyyətli vəzifədir. Hamının, azarkeşlərin gözü millidədir. Özüm də oyunlarda azarkeş kimi iştirak etmişəm. Onların fikir və düşüncələrini yaxından eşitmişəm. Azarkeşlər daha yaxşı nəticə istəyir. Əlbəttə, bu, mənim üçün böyük məsuliyyətdir. Çalışacağıq ki, milli assosiasiya və futbolsevərlərlə birgə daha uğurlu nəticələr əldə edək. Bu, bir günün, bir ayın, bir ilin işi deyil. Klublarımız daha çox olacaq. Uzun bir proqram qəbul ediləcək. Yavaş-yavaş, pillə-pillə irəli getməliyik ki, milli komanda daha da peşəkarlaşsın, daha çox uğur əldə etsin. Bir azərbaycanlı kimi bu işin öhdəsindən gəlmək, futbolumuz naminə daha artığını etmək üçün əlimdən gələni etməyə çalışacağam. İşimiz və məsuliyyətimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Sizə də,azarkeşlərə də minnətdaram. Bəzi yazıları oxuyurdum. Mənə olan etimadınızı, sevginizi göstərirdiniz. Düşünürəm ki, bundan sonra hamımız - media işçiləri, azarkeşlər, futbolsevərlər, futbol funksionerləri bir olaraq, yaxşı, aktiv komanda formalaşdıraraq, uğurlu oyunlar keçirəcəyik".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov təyinatını şərh edərkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçilərinin kim olacağı barədə danışmaq tezdir: "İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. Bir aya, ayyarıma qərar veriləcək".
Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov "Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. "Atletiko" "Qarabağ"dan güclüldür. Amma onlarla heç-heçə etdik. Və ya biz çempionatda xal itiririk" sözlərini də əlavə edib.
Yeni baş məşqçi müqavilə şərtləri barədə danışmaq istəməyib: "Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdur. Bir-birimizə inanaraq, bu yolu gedəcəyik".
Paylaş: