Xəbər lenti

                                    

Neytral meydançada olsa da, Ermənistanla oyun baş tutacaq.

Bunu AFFA-nın baş katibi Elxan Məmmədovun Türkiyənin Antalya şəhərində təşkil olunmuş brifinqdə deyib.

Baş katib qeyd edib: “Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidir. Bəzi rəqiblərlə yaxın keçmişdə oynamışıq, tanış komandalardır. Artıq sabah ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdır. Martda ikinci sınaq oyunumuz da olacaq". 

Kosovo yığması ilə oyuna gəlincə, E.Məmmədov bildirib ki, Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü kimi artıq Azərbaycana səfər edib: "Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan əvvəl Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq".

Baş katib bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işlədiklərini xatırladıb: "Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əsas məsələ uzunmüddətli düşünməkdir və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır".

O vurğulayıb ki, Millətlər Liqasında məqsəd birinci yeri tutmaqdır: "Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir. Yeni şüar barədə marketinq şöbəsinin əməkdaşları düşünürlər. Bundan əvvəlki “Niyə də yox?” şüarı ölkədə çox populyar oldu. Düzdür, seçmə mərhələnin sonu uğursuz olduğuna görə şüar axırda komik format aldı, buna baxmayaraq, addım özünü doğrultmuşdu".

E.Məmmədov qeyd edib ki, Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər: "Bu, problemli oyundur. Püşkə görə bu mərhələdə düşə biməzdik, amma növbəti mərhələdə qarşılaşa bilərik. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu hal baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Oyun olacaqmı, olacaqsa, harda olacaq və s. Amma futbol elədir ki, yekunda FİFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq. Nə lazım olsa, onu da edəcəyik. Neytral meydançada olsa da, oyun baş tutacaq. Eyni qaydada canlı yayım, sponsor problemləri var”.

Qeyd edək ki, Millətlər Liqasında “D” liqasında mübarizə aparacaq Azərbaycan yığması 3-cü qrupda Farer adaları, Malta və Kosova ilə qarşılaşacaq.//Trend

 




Ana səhifəyə qayıt        Baxış: 676          Tarix: 30-01-2018, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma