Xəbər lenti

Sentyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda növbəti səkkiz oyun keçiriləcək.

Azərtac xəbər verir ki, “E” qrupunda yer alan Almaniyanın “Bavariya” klubu səfərdə Portuqaliyanın “Benfika” komandasının qonağı olacaq. Qrupun digər qarşılaşması Hollandiyada oynanılacaq. “Ayaks” Yunanıstanın AEK klubunu qəbul edəcək.

“F” qrupunda qərarlaşan “Mançester Siti” (İngiltərə) Fransanın “Lion” klubunu qəbul edəcək. “Hoffenhaym” (Almaniya) isə səfərdə Ukraynanın “Şaxtyor” klubunun qonağı olacaq.

“G” qrupunda maraqla gözlənilən oyun İspaniyada baş tutacaq. “Santiaqo Bernabeo” stadionunda meydan sahibi son UEFA Çempionlar Liqasının qalibi “Real Madrid” İtaliyanın “Roma” klubunu sınağa çəkəcək. Bu klublar bu vaxtadək UEFA Çempionlar Liqasında on dəfə qarşılaşıblar. Altı oyunda Madrid təmsilçiləri, üç oyun isə romalılar üstün olublar. 2001-ci ildə keçirilən oyun isə heç-heçə başa çatıb.

“Viktoriya” (Plzen, Çexiya) – MOİK (Rusiya) oyunu ilə “G” qrupunda birinci tura yekun vurulacaq.

Sonuncu – “H” qrupunda yer alan İtaliyanın “Yuventus” klubu ilk dəfə olaraq yeni transferi Kriştianu Ronaldu ilə bu turnirdə meydana çıxacaq. Rəqib isə İspaniyanın “Valensiya” klubudur. Qrupun digər favoriti sayılan İngiltərənin “Mançester Yunayted” klubu səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, “Ayaks” – AEK və “Şaxtyor” – “Hoffenhaym” oyunu Bakı vaxtı ilə saat 20:55-də başlayacaq. Digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 525          Tarix: 19-09-2018, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma