Xəbər lenti

Ingiltərədə “Arsenal”la Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl “Qarabağ” klubunun təşkil etdiyi mətbuat konfransına yerli jurnalistlər biganə münasibət göstəriblər.

Baş məşqçi Qurban Qurbanov və futbolçu Maksim Medvedevlə görüşə cəmi 3 media nümayəndəsi qatılıb.

Əməkdaşımızdan əlavə, zalda “BBC Azərbaycanca”nın redaktoru Toğrul Bağırov və özünü “Press Association” nəşrinin əməkdaşı kimi təqdim edən ingiltərəli həmkarımız olub. Halbuki, gündüz saatlarında “Arsenal”ın baş məşqçisi Unay Emerinin mətbuat konfransına xeyli jurnalist qatılıb.

Q.Qurbanov “Report”un bununla bağlı sualına cavab olaraq bildirib ki, ingiltərəli jurnalistlərin “Qarabağ”ın mətbuat konfransına istəksiz yanaşmalarına inanmır. Onun fikrincə, yerli medianın diqqəti bugünkü Çempionlar Liqası qarşılaşmalarına yönəlib. Baş məşqçi zarafatından da qalmayıb:

“Ola bilsin, Çempionlar Liqasının bugünkü oyunları daha çox maraq doğurub və hazırda stadionlardadırlar. Burada təkcə mətbuat işçiləri yox, başqa simalar da var. Onların da şəklini vermək olar”.

Dekabrın 13-də Londondakı “Emirates” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 623          Tarix: 13-12-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma