Xəbər lenti

 

"Biz hücum xəttini gücləndirmək üçün namizədləri uzun müddət axtardıq. Lakin qış transfer dövründə oyunçu tapmaq imkanları bir qədər məhdud olur. Canluka Sansone İtaliyada çox məşhur futbolçudur. Keçmiş məşqçilərindən bir neçəsinin fikirlərini öyrəndikdən sonra onu transfer etməyə qərar verdik. Sansonenin uğurlu oyunçu olacağına əla təminatlar da almışıq".

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun prezidenti Kamran Quliyev "TuttoMercatoWeb"ə müsahibəsində deyib.

K.Quliyev bildirib ki, italiyalı futbolçuların Azərbaycana axınının gələcəkdə də davam etməsi mümkündür: "İtaliya futbolda liderlərdəndir. Bu ölkədən olan futbolçuları almaq asan deyil. Lakin Samsonenin transferi yeni futbol macəralarına ehtiyac duyan italiyalı digər futbolçuların bura yolunu aça bilər. Azərbaycan sürətlə inkişaf edir və gələcəkdə italiyalı futbolçuların sayının get-gedə çoxalması da mümkündür. Canluka Azərbaycan Premyer Liqasında ilk italiyalı oyunçudur. Ümidvarıq ki, digərləri də bura gələcəklər".

Klub prezidenti "Neftçi"nin 12 yaşadək futbolçulardan ibarət komandasında daha bir italiyalıLorentso Mezoterronun da yer aldığını xatırladıb: "O, çox istedadlı hücumçudur. Atası Azərbaycanda neft şirkətində çalışır".

K.Quliyev digər italiyalı - baş məşqçi Roberto Bordinin "Neftçi"yə gəlişindən də danışıb: "Mövsümün startı ərəfəsində biz baş məşqçi axtarır və İtaliya futbol məktəbini yaxından öyrənirdik. Vasitəçilərin köməyi ilə Roberto Bordinlə görüşdük. Onun barəsində çoxlu müsbət fikirlər səsləndirilmişdi. Şəxsi keyfiyyətləri və idarəçilik bacarığı seçimimizdə əsas rolu oynadı. Premyer Liqada 15 turdan sonra birinci pillədə qərarlaşmışıq. Ötən tur "Qarabağ"la səfərdə 1:1 hesablı heç-heçə etmişik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir".

Flaqmanın rəhbəri "Neftçi"nin tarixi ərzində əldə etdiyi nailiyyətlərdən də söz açıb: "Klubumuz 1937-ci ildə yaradılıb və uzun müddət SSRİ çempionatında "Neftyanik" və ya "Neftçi" adları ilə mübarizə aparıb. "Neftçi" 1966-cı il SSRİ çempionatında bürünc medal qazanıb. Həmin il SSRİ yığması isə klubumuzun futbolçusu və ən yaxşı bombardiri Anatoli Banişevskinin qolları sayəsində İngiltərədəki dünya çempionatında 4-cü yeri tutub. Postsovet məkanında Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu da biz olmuşuq. Qrupdakı ilk matçımızda İtaliya "İnter"inə Bakıda 1:3 hesabı ilə uduzsaq da, "San Siro"da şücaət göstərərək, 2:2 hesablı heç-heçə etmişik. Yaxın bir neçə ildə "Neftçi"nin məqsədi əvvəlcə Avropa Liqasının, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarət olacaq".

Son 10 ildə Azərbaycan futbolunun yüksək səviyyədə inkişaf etdiyini bildirən K.Quliyev yeni stadionlar, təlim-məşq və idman mərkəzlərinin yaradıldığını diqqətə çatdırıb. "Neftçi" ilə yanaşı, "Qarabağ" və "Qəbələ"nin də avrokubokların qrup mərhələlərində çıxış etdiyini xatırladan "ağ-qaralar"ın prezidenti Azərbaycanın 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edən ilk müsəlman ölkəsi olduğunu vurğulayıb: "2016-cı ildə biz 17 yaşadək futbolçular arasında Avropa çempionatı təşkil etdik. Bu il Bakıda Avropa Liqasının final matçı, gələn il isə Avropa çempionatının 4 oyunu, o cümlədən 1/4 final qarşılaşmalarından 1-i olacaq. Hazırda Avroliqada bir çox maraqlı klub mübarizəni davam etdirir. Bakıdakı final qarşılaşması unudulmaz olacaq. Şəxsən mən həlledici görüşdə "Neapol" və "Sevilya"nı görmək istərdim".

Daha əvvəl "Neftçi" klubunun prezidenti K.Quliyev səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 8-02-2019, 03:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma