Xəbər lenti

 

"Dünya çempionatında Təşkilat Komitəsi bizim bütün tələblərimizə uyğun bütün təşkilati işləri görüb. İnanıram ki, hər şey daha yaxşı və maraqlı alınacaq. Bu gün biz maraqlı görüşlər izlədik. Burada güclü idmançılar iştirak edir. Özümüzü çox yaxşı hiss edirik".

"Report"un Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç mətbuat konfransında deyib.

Serbiyalı funksioner bildirib ki, ötən gün keçirilmiş büro iclasında gənclər arasında yarışların səviyyəsini daha da gücləndirmək barədə qərarlar qəbul etdiklərini bildirib. O, 2022-ci il dünya çempionatını təşkil edəcək Rusiyanın Krasnoyarsk şəhərinin indiyədək nüfuzlu yarışlara ev sahibliyi etdiyini xatırladıb. Laloviç növbəti illər üçün də dünya çempionatlarının təşkilatçılarını daha erkəndən müəyyənləşdirmək istədiklərini söyləyib.

UWW prezidenti güləşin ənənəvi növləri - pankration, qraplinq və kəmər güləşinə marağı öyrəndiklərini və onları vahid bayraq altında birləşdirməyə çalışdıqlarını əlavə edib. O, ənənəvi növləri qısa müddətdə inkişaf etdirməyin çətinliyini dilə gətirib.

Laloviç çimərlik güləşini də inkişaf etdirdiklərini bildirib: “Bütün planlarımızı açıqlamaq istəmirik ki, rəqiblərimiz xəbər tutsun. Bu yaxınlarda Qətərdə ilk çimərlik Oyunları təşkil olunacaq. Həmin yarışda çimərlik güləşinə də marağın olduğunu görəcəyik. Bu növün olimpiada proqramında yer alması isə zamanın işidir”.

Təşkilat Komitəsinin sədri Yerlan Kojasbay yarışın təşkilatçılıq tələblərinin get-gedə artmasına rəğmən, bütün lazımi işləri gördüklərini vurğulayıb. O, dünya çempionatına onlayn qaydada artıq 25 min biletin satıldığını diqqətə çatdırıb.




Ana səhifəyə qayıt        Baxış: 377          Tarix: 14-09-2019, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma