Almanyanın Köln şəhərində fəaliyyət göstərən AZE Nakhcivan-Köln SK Futbol Klubunun təqdimat mərasimi keçirilib. Klubun bazasında baş tutan açılış mərasiminə Türkiyə mediası da diqqət ayırıb. Tədbirdə Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb.
Teleqraf.com xəbər verir ki, klubun prezidenti Aydın Karaca tədbirdə çxışında Almanyada yeganə Azərbaycan klubunun açılışını həyata keçirməkdən məmnunluğunu ifadə edib: “Biz Türkiyə türkləri Azərbaycanın qardaş toplumu olduğumuz üçün idman sahəsindəki bilgi və təcrübəmizi onlarla paylaşmaq istəyirik. Hədəfimiz uşaq futboluna diqqət ayırmaq, peşəkar və səviyyəli gənc futbolçular yetişdirməkdir. Azərbaycanlı övladlarımızın yüksək səviyyəli futbolçu olaraq yetişməsi bizim üçün vacib məsələdir. Çalışırıq ki, azərbaycanlı istedadlar daha yüksək səviyyəli məşq prosesindən keçsin. Uşaqlarımızın inkişaf etməsi və onların səslərinin Avropanın adlı-sanlı klublarından gəlməsi bizim üçün qürurdur”.
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və AZE Nakhcivan-Köln SK Futbol Klubunun vitse-prezidenti Rəşad Quliyev Avropadakı Azərbaycan türklərinin bir futbol klubu olmadığı üçün bu qərarı verdiklərini bildirib. Rəşad Quliyev klubun adının Naxçıvan olmasını xüsusi olaraq istədiklərini ifadə edib: “Bilirsiniz ki, Naxçıvan Türkiyə ilə sərhəddə muxtar respublikadır. Naxçıvanı və Naxçıvanın timsalında Azərbaycanı Avropada tanıtmaq, eyni zamanda Azərbaycan futboluna dəstək vermək üçün bu klubun açılmasına qərar verdik. Bilirsiniz ki, Almaniya futbolu reytinqinə görə dünyada 3-cü yerdədir. Burada uşaq futboluna fərqli yanaşma var. Hesab edirəm ki, Almaniya məktəbinin xüsusiyyətlərini mənimsəmək Azərbaycan futbolunun inkişafına müsbət təsir edəcək. Çox ciddi planlarımız var. Bu planların həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq. Bu həm də bir milli məsələdir”.
Qeyd edək ki, iki illik fəaliyyətdən sonra açılışı həyata keçirilən AZE Nakhcivan-Köln SK Futbol Klubu rəsmən fəaliyyətə başlayıb.
Paylaş: