Xəbər lenti

 
Məlum olduğu kimi, Ağdamın "Qarabağ" komandası UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu dünən Qazaxıstanın Almatı şəhərində keçirib. Ağdam təmsilçisi H qrupundakı 4-cü görüşündə Qazaxıstanda "Kayrat"ın qonağı olub.
 
Qazaxıstanda yaşayan soydaşımız İsmayıl Məmmədovun Ovqat.com-a verdiyi məlumata görə, “Qarabağ” komandası Almatıda xüsusi hörmətlə qarşılanıb.
 
Azərbaycanın ötən il Qarabağda qazandığı zəfərin sevincini hələ də unutmayan qazax qardaşlarımız eyni adlı komandamızı deplosmanda əldə etdiyi 2-1 hesablı qələbəsini də alqışlayıblar. Baxmayaraq ki, “Qarabağ” həmin görüşdə qonaq qismində çıxış edirdi.
 
İsmayıl müəllim komandaların görüşündən çəkdiyi fotoları da bizə göndərib. Onun dediyinə görə, dünən oyunun keçirildiyi saatlarda Almatıda -18 dərəcədə şaxta var idi: “Hətta telefonlarımız da şaxtadan donmuş, işləmirdi. Bununla belə biz qazax türklərinin qardaşlıq göstərilərinin hərarətindən bu soyuğu hiss etmir, sanki eyni ölkənin iki fərqli komandasının oyununu izləyirdik”.
 
Maraqlıdır ki, Avropanın mötəbər futbol turnirinin Türk dünyasının qardaşlıq matçına çevrilməsində Qazaxıstanda yaşayan xanımların rolu böyük olub. İsmayıl müəllimin dediyinə görə, bu işdə töhfə verən xanımlar bunlardır:

Məmmədova Ceyran Yaqub qızı, 
Kenjina Nasixa Gumar qızı,
Aliyeva Kəmalə Adil qızı.
 



Qazaxıstanda yaşayan digər soydaşlarımızdan birindən aldığımız məlumata görə, xanımların bu nəcib təşəbbüsü bu ölkədəki diaspora təşkilatları tərəfindən nəinki dəstəklənməyib, əksinə, təşkilat rəsmiləri azərbaycanlıların bu matçlara hər iki dövlətin bayrağı ilə getməsinin qarşısını almağa çalışıblar. Əllərində də daşdan keçən bəhanələri olub: Azərbaycanlıların bu təşəbbüsü qazax millətçiləri tərəfindən aqressiv qarşılana və araya dava düşə bilər. Təşəbbüskar xanımlar isə öz ideyalarından geri çəkilməyib, öz vəsaitləri hesabına Azərbaycan və Qazaxıstan bayraqları alaraq, əlləri çatan izləyicilərə paylayıblar. Qazax millətçilərinin bu təşəbbüsə reaksiyası isə müsbət olub.
 
Yeri gəlmişkən, Azərbaycan Diasporası ilə İş üzrə Dövlət Komitəsinin Zəfər bayramı münasibətilə Sidney metrolarını reklam panoları ilə bəzəməyi planlaşdırdıqları barədə məlumatlar dolaşır. Halbuki, beynəlxalq əhəmiyyətli futbol yarışını Türk dünyasının həmrəylik görüşünə çevirmək daha məqsədəuyğun olardı, Disapora Komitəsi isə, belə anlaşılır ki, məsələlərə Qazaxıstanda yaşayan 3 təşəbbüskar xanım qədər yaradıcı yanaşa bilmir.


 
Onu da qeyd edək ki, ahıl yaşlı İsmayıl müəllim Almatıdan 500 km aralıda yerləşən Cu şəhərində yaşayır. Bu qədər uzaq məsafədə yaşamasına baxmayaraq, “Qarabağ” – “Kayrat” matçını izləməyə gələn bu ağsaqqal əziyyətinin bəhrəsini görüb: “Oyunun ilk yarısı heç-heçə tamamlandı. Nə oldusa, 2-ci yarıda oldu. İkinci yarının ilk 10 dəqiqəsində “Qarabağ” komandası ilk qolunu vurdu. Sonra “Kayrat” hesabı bərabərləşdirdi. Matçın bitməsinə az qalmış Azərbaycan növbəti və qələbə qolunu qapıdan keçirib hesabı yekunlaşdırdı. Bu qardaşlıq sevgisindən aldığım ilham və qələbə sevinci içərisində evə qayıtdım”, - bunu ağsaqqal ziyalımız Ovqat.com-a açıqlamasında deyib.


 
Xatırladaq ki, dünənki qələbəsi ilə xallarını 10-a çatdıran "Qarabağ" qrup liderliyə yüksəlib. Qrupun digər oyununda "Bazel" Kiprdə "Omoniya" ilə heç-heçə edib. İsveçrə klubunun aktivində 8 xal var. Bununla da, təmsilçimiz UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib. Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.


Ana səhifəyə qayıt        Baxış: 6 987          Tarix: 5-11-2021, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma