Xəbər lenti

 Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, Azərbaycan çempionu səfərdə Albaniyanın "Kukesi" komandası ilə üz-üzə gələcək. Ağdam təmsilçisi I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti raunda yüksəlib. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Malta "Valletta"sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1). 

Ağdam təmsilçisi bu matçda itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.

Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları)cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. “Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç) 

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya) 

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. Loro Boriçi stadionu




Ana səhifəyə qayıt        Baxış: 2 872          Tarix: 25-07-2018, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma