Xəbər lenti

"Qarabağ" Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında III təsnifat mərhələsini adlamaqla pley-off mərhələsinə vəsiqə qazandı. Bu uğura imza atan ilk Azərbaycan klubu məhz “köhlən atlar” oldu. Eyni zamanda, son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etdi. Bu qələbə sayəsində “Qarabağ” maddi cəhətdən də xeyli irəli düşüb. Ağdam klubu təsnifat mərhələsində 3 milyon 320 min avro qazandı.

İkinci mərhələdə Gürcüstan “Samtredia”sını məğlub edən “Qarabağ” 320 min avronu əldə etmişdisə, dünən “Şerif” üzərindəki qələbə Azərbaycan təmsilçisinə daha 3 milyon avro qazandırdı. Komandamız qrup mərhələsinə adlayarsa, daha 12 milyon 700 min avro irəli düşəcək.

Təmsilçimizin tarixi uğurunu ölkənin ən tanınmış futbol şərhçiləri Publika.az-a şərh edib.

Emin Abbasov, “CBC Sport”un şərhçisi

“Çoxdandır bu günü gözləyirdik. Neçə illərdir qrup mərhələsi arzusuyla yaşayırıq və hazırda qrupun bir addımlığındayıq. Bu həm imic baxımından, həm də iqtisadi baxımdan Azərbaycan futboluna lazım idi. Bildiyiniz kimi futbolda maddi durum əvvəlki kimi deyil. Məlumat üçün deyim ki, “Qarabağ” pley-offa çıxmaqla artıq 3 milyon avro qazanacaq. Pley-offu keçməsə belə, birbaşa Avropa Liqasının qrup mərhələsinə gedəcək, bu da əlavə 2.6 milyon avro gəlir gətirəcək. Ümumi pulu manata çevirəndə böyük bir məbləğ edir. Hansı ki, bu “Qarabağ”ın illik büdcəsinin 80 faizi deməkdir. Çempionlar Liqasına vəsiqə qazanarsa, məbləğ daha çox olacaq: 16-17 milyon avro. Bu da o deməkdir ki, “Qarabağ” özü özünü maliyyələşdirə biləcək. Təbii ki, mən “Qarabağ”ın “Şerif”i keçəcəyinə əmin idim. Çünki Qurban Qurbanovlu “Qarabağ”ın tarixinə fikir verin. Heç vaxt keçiləsi rəqiblərdə dayanmayıblar. Komanda bu dəfə də ənənəsinə sadiq qaldı və Qurbanov bir daha sübut etdi ki, bir məşqçi kimi vəziyyətdən çıxışı təhlil edir. Düzdür, ilk oyunda “Qarabağ”ın oyunu alınmamışdı. Lakin təmsilçimiz bu dəfə təcrübəli komanda imici göstərdi və “Şerif”in ikinci hissədəki təzyiqləirə ustaca tab gətirdi.

İndi ÇL-in qrup mərhələsindən danışmaq bir az çətindir. Peşəkar yanaşma üçün rəqibi bilməliyik. Lakin pley-offda zəif rəqib olmur. Bu mərhələdə “Şerif”dən daha güclü rəqib olacaq. “Qarabağ”la bağlı sevindirici məqam odur ki, bu komanda hər il öz səviyyəsini artırır. Bu da peşəkar təlim-məşqlərin nəticəsidir. Ümid edirəm ki, “Qarabağ” bu dəfə Çempionlar Liqası həyəcanını azarkeşlərə bəxş edəcək”.

Səyavuş Əliyev, “İdman Azərbaycan” telekanalının şərhçisi

"Sözsüz ki, sevinirəm. Bu böyük bir uğurdu. Amma məncə, bu uğura komandalarımız çoxdan çatmalı idilər. Növbəti mərhələ pley-offdur və Çempionlar Liqasının astanasıdır. Heyətdə bir iki mövqeyi gücləndirməklə qrup mərhələsinə adlaya bilərik. Ancaq hazırkı heyətlə çox çətin olacaq. Mütləq bir-iki oyunçu transferi lazımdır. Düzdür, pley-offa hələ iki həftə var. Lakin qısa müddət olsa da, “Qarabağ” heyətini gücləndirməlidir".

Pərviz Musayev, “CBC Sport”un şərhçisi

""Qarabağ"ı təbrik edirəm. Keçən il də bu uğuru təkrarlaya bilərdik, amma alınmadı. Bu ilə qismət imiş. Məlum məsələdir ki, ÇL-in pley-off mərhələsində təşkilatçılıq qrup mərhələsindən fərqlənmir. Biz burada əsl ÇL həyəcanı yaşayacağıq. Təbii ki, bu komandanın büdcəsini zənginləşdirəcək. Eyni zamanda, “Qarabağ” adının Azərbaycan təmsilçisi kimi Avropada təbliğatı böyük önəm daşıyacaq. İnşallah, dişimizə görə bir rəqib olarsa, qrup mərhələsinə düşəcəyik və sevincimizin həddi olmayacaq.

Pley-off mərhələsində zəif rəqib olmayacaq. Azarkeşlər transfer istəyir. Lakin komandaya uyğunlaşa biləcək transferlər etmək lazımdır. Çünki daha öncə də bəzi uyğunsuz transferlər olmuşdu. “Qarabağ” qrupa düşəcəksə, mütləq transfer lazımdır. Lakin burada azarkeşlər klubu da başa düşməlidir.

Etiraf edək ki, Azərbaycanda futbola sərmayə qoyan sponsorların böyük qazancı yoxdur. Ona görə də “Qarabağ”ın büdcəsinə bu qədər pulun gəlməsi həm komandaya səviyyəli oyunçuların rahatlıqla gəlməsinə təsir edəcək, həm də komandanı iqtisadi cəhətdən gücləndirəcək".

 




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 2-08-2017, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma