ABŞ-ın neft ehtiyatları 21-27 oktyabr həftəsi ərzində gözlənilmədən 2,435 mln. barel və yaxud 0,53% azalaraq 454,9 mln. barelə geriləyib.
"Report" "Forexpf.ru" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) məlumat yayıb.
Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər neft ehtiyatlarının 1,3 mln. barel azalacağını ehtimal edirdilər.
Hesabat dövründə ölkənin benzin ehtiyatları isə 4,02 mln. barel azalıb. Analitiklər benzin ehtiyatlarının 1,55 mln. barel azalacağını proqnozlaşdırırdılar.
ABŞ-da gündəlik neft hasilatı 46 min barel və ya 0,48% artaraq 9,553 mln. barelə yüksəlib. Qeyd edək ki, ABŞ-da neft hasilatının maksimal həddi 2015-ci il iyun ayının ilk həftəsində (9,61 mln. barel/gün) qeydə alınıb. Hazırda ABŞ-da gündəlik neft hasilatı rekord həddən sadəcə 57 min barel və ya 0,59% aşağıdır.
Neftin qiyməti açıqlanan göstəricilərdən sonra önəmli dəyişiklik göstərməyib və 60 dollar/bareldən bir qədər yuxarı həddə qalıb.
Paylaş: