Vergilər Nazirinin geniş islahatlar fonunda bu gün gördüyü işlər təqdirə layiqdir. Lakin ən aktual məsələlərdən biri səyyar vergi yoxlamalarına aid keçmiş dövrün arzuolunmaz ənənələrindən qurtulmaqdır.
Bəli, yeni islahatlar vergi ödəyicilərinin də məsuliyyətini artırır. Vergi ödəyiciləri qanunla müəyyən olunmuş vergiləri tam şəkildə vaxtında ödəməlidirlər. Amma bu gün də Vergilər Nazirliyinin ən çox diqqət yetirməli olduğu məsələlərdən biri səyyar vergi yoxlamalarının nəticələrinin düzgün sənədləşdirilməsidir. Hansı ki, əksəriyyət sənədlərdə ( aktlarda) yoxlamanın nəticələri tamamilə vergi ödəyicisinin mükəlləfiyyətinə aid olmayan mənbələrə aid hesablamalarla müşahidə olunurdu.
Mən belə qanunsuzluqla dəfələrlə rastlaşmışam. Hər dəfə də vergi ödəyicilərinə deyirdim ki, bu hesablamalar bir vaxt gələcək ki, problem yaradacaq. Çünki vergi orqanı əməkdaşları tərəfindən hesablanan vergi məbləğləri həqiqi mənbələrə əsaslanmır. Məsələ ondadır ki, lazımi mənbə qalırdı kənarda, aidiyyəti olmayan mənbə yaradılırdı. Belə hesablamaların isə heç bir hüquqi əsası yox idi.
Mən belə çoxsaylı anlaşılmazlıqlardan birini misal gətirə bilərəm. Məsələn: daşınmaz əmlakın icarəsi ilə məşğul olan fiziki şəxsə səyyar vergi yoxlaması barədə qərar açılır və guya ki, nəticələr vergidən yayınma kimi qiymətləndirilərək maliyyə sanksiyası tətbiq olunurdu. Maliyyə sanksiyaları isə adətən icarə obyektində təmir zamanı işçilərlə yaranan vergi münasibətlərinə tətbiq olunurdu. Burada ya əmək müqaviləsi, ya da iş icraçısına ödənməli şərti məbləğin mənbəyində vergidən yayındırılması qeyd olunurdu. Halbuki, həmin şəxsin əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi təsnifatlaşdırılır. Amma necə olursa olsun , qanuni və ya qanunazidd, fərqi yoxdur, əlavə mənbə yaradılır və ödənişi təmin olunurdu.
Mən belə hallarda dəfələrlə təkliflər vermişdim ki, həmin vergi məbləğini düzgün sənədləşrimək üçün imkanlar məhdud deyil. Nə üçün şəxsin daşımadığı öhdəlik üzrə qanunsuz mənbə yaradılmalıdır?
İcarəçilər vergi ödəyiciləridir. Onlar həmin icarəhaqqlarından ödəmə məbəyində vergini ödəyir və müvafiq bəyənnaməni də təqdim edirlər. Əgər yayınma varsa, icarəçilərin uçot məlumatlarında düzəliş etməklə ödənilməli vergi məbləğini düzgün hesablamaq və təyinatı üzrə ödəmək olar. Belə olarsa qanunvericiliyin tələbləri də pozulmaz. Yəni icarə müqaviləsində həqiqi icarə məbləği göstərilməyibsə və buna görə də icarə haqqından büdcəyə ödənilməli vergi azaldılırsa, deməli, icarə müqavilələrində düzəlişlərin edilməsi əsas məqsəd olmalıdır. Verginin belə halda icarəçilər tərəfindən ödənilməsi düzdür. Qoy, bu məsələdə icarəçi və mülkiyyətçi özləri razılığa gəlsinlər . Vergi orqanı heç bir halda mənbəyi bəlli olmayan məlumat əsasında hesablama aparmamalıdır. Hesablanan vergi isə hökmən iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Belə problemlər Azərbaycanın vergi sistemi barədə heç də yaxşı fikir yaratmır. Mən şəxsən dəfələrlə xarici vətəndaşların və iş adamlarının haqlı narazılıqlarına şahid olmuşam. Bütün bunlar həm ölkəmizin imicinə xələl gətirən, həm də iqtisadi yüksəlişinə mane olan hadisələrdir. Düşünürəm ki, yeni komanda anoloji problemlərə də diqqətlə yanaşsa daha ciddi uğurlara imza atılmış olar.
Elçin Qurbanov
Auditorlar Palatasının üzvü
Paylaş: