Xəbər lenti

Xəzərin milli sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində (Mərhələ 1 və Mərhələ 2) Azərbaycanın payının maliyyələşdirilməsinə indiyədək 3,73 mlrd. ABŞ dolları məbləğində vəsait yönəldilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib.

“Şahdəniz 2” layihəsi üzrə bu il fevralın sonuna olan məlumata əsasən, tərəfdaşlarla birgə çəkilən ümumi xərcin həcmi 17,4 mlrd. dollar təşkil edib.

Hasil olunan qazın Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Şahdəniz-2” layihəsinin ümumi dəyəri 23,9 mlrd. dollar məbləğində qiymətləndirilir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Xatırladaq ki, “Şahdəniz” yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

 




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 4-04-2018, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma