Almaniya Azərbaycanın “Cənub Qaz Dəhlizi” (CQD) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) maliyyə dəstəyi göstərmək niyyətindədir.
AZƏRTAC Almaniyanın nüfuzlu həftəlik siyasi xəbər portalı “FOCUS Online”a istinadla xəbər verir ki, Alman bankı “Cənub Qaz Dəhlizi” QSC-yə federal zəmanətlə 1,5 milyard ABŞ dolları və ya 1,2 milyard avro məbləğində kredit ayırmağı nəzərdə tutur. Bu barədə Federal maliyyə katibi Yens Şpanın Bundestaqın büdcə komitəsinin sədri Peter Boehringerə ünvanlandığı məktubda bildirilir.
Xəbərdə qeyd olunur ki, Xəzər dənizinin Azərbaycana məxsus zəngin yataqlarından Avropaya təbii qazın nəqli bir sıra boru kəmərləri vasitəsilə nəzərdə tutulur. Avropa İttifaqı (Aİ) dəyəri milyard dollarla qiymətləndirilən layihəni Rusiyadan tədarükə alternativ olaraq dəstəkləyir.
Xatırladaq ki, 2013-cü il sentyabrın 19-da isə Bakıda “Şahdəniz” qazının Avropaya satışına dair müxtəlif şirkətlərlə yanaşı Almaniyanın “E.ON Global Commodities SE” ilə uzunmüddətli sazişlər imzalanıb. Sazişlər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoyub. Azərbaycan tərəfi digər şirkətlərlə birgə “E.ON Global Commodities SE” ilə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzalayıb.
Təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, sonra isə Avropaya çatdıracaq. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və onun reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub.
İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 29,7 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC-nin timsalında dəhlizin dəyər zəncirinə daxil olan 4 layihədə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb. Təkcə 2017-ci ildə layihəyə 2,3 milyard dollar xərclənib. 2018-ci ildə isə Azərbaycanın Cənub Qaz Dəhlizinə təqribən 1,3 milyard dollar vəsait ayırması proqnozlaşdırılır. Bundan “Şahdəniz” layihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 144 milyon dollar, TANAP-a 728 milyon dollar və TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin tərkibindəki layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətindəki iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illərdə 11,5 milyard dollar vəsait qoyulacaq. Azərbaycan bu vaxtadək layihə üzrə maliyyə öhdəliyinin 76 faizdən çoxunu icra edib.
Bu vaxtadək “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrdə iştirak payının maliyyələşdirilməsi üçün aşağıdakı mənbələrdən vəsaitlər cəlb edib: “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılmış və Dövlət Neft Fondu tərəfindən alınmış 2,5 milyard dollar məbləğində istiqrazlar; İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təmin edilmiş 2,4 milyard dollarlıq nizamnamə kapitalı; 2016-2017-ci illərdə buraxılmış nominal dəyəri 2 milyard dollar olan avrobondların emissiyası hesabına; Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar məbləğlərində cəlb olunmuş borclar; Avropa Yenidənqurma və İnkişaf Bankından və Asiya İnkişaf Bankından hər biri 500 milyon dollar olmaqla kredit; Asiya İnkişaf Bankından 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit üzrə zəmanətə əsasən cəlb olunmuş borc vasitəsilə.
Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) Direktorlar Şurası 2016-cı ilin dekabr ayında TANAP layihəsinə ayrılan investisiyalar üzrə 750 milyon dollar məbləğində kreditə “Cənub Qaz Dəhlizi” QSC-yə zəmanətin verilməsini təsdiqləyib.
Paylaş: