Xəbər lenti
27-11-2024, 19:25

“İqtisadiyyatda baş verən tənəzzül elementləri bank sektorunda da əsas parametrlər üzrə geriləmələri də özündə ehtiva edir. Bu baxımdan bank sektoru üzrə yarımillik göstəricilər düşünmək üçün əsaslar verir”.

Bu sözləri Strateq.az-a açıqlamasında iqtisadçı Məhəmməd Talıblə deyib.

Onun sözlərinə görə, bank sektorunun aktivlərində azalmalar baş verib: “Söhbət ötən ilin (30.06.2017) müvafiq dövrü ilə müqayisədə bank sektorunun aktivlərində 6,8 faizlik geriləmələr qeydə alınıb. Əgər 30.06.2017-ci il tarixində aktivlərin həcmi 30.04 mlrd manat təşkil edirdisə, 30.06.2018-ci ildə bu göstərici 28 mlrd manat olub.

Bankların kredit portfelində də azalmalar müşahidə olunub. Əgər ötən ilin yarım illik göstəricilərinə görə, bankların ümumi kredit portfeli 13.46 mlrd manat səviyyəsində idisə, bu ilin 6 aylıq göstəricilərində bu rəqəm 11.71 mlrd manat təşkil edibdir. Yəni, kreditlərin verilməsi üzrə 13 faizlik azalma qeydə alınıb. Bu isə o deməkdir ki, həm istehlak, həm də biznes kreditləri üzrə banklar bazar iştirakçıları üçün cəlbediciliyi təşviq edə bilmir. Kreditləri sata bilməyən bank insitutları, paralel olaraq depozitlərin cəlbi üzrə də əhəmiyyətli geriləmələri ilə diqqəti cəlb ediblər. Əgər 2017-ci ilin yarımillik dövrü ərzində banklarda olan depozitlərinin həcmi 3.99 mlrd manat təşkil edirdisə, bu ilin analoji zaman kəsiyi üçün cəmi 1,18 mlrd. manat səviyyəsinə düşüb. Bu isə onu deməyə əsas verir ki, depozitlərin cəlbində 70.5%-lik azalma baş verib. Bu vətəndaşların əmanətə transformasiya olunan gəlirlərinin zəifləməsi, banklara olan inamın azalması və s. səbəblərlə bağlı ola bilər”.

İqtisadçının sözlərinə görə, bank sektorundakı problemlər təkcə resursların cəlbi və satışı ilə bağlı olmayıb. Eyni zamanda institsional problemlərdə özünü açıq göstərib:

“Belə ki, bankların fəaliyyətindəki geriləmələr onların bəzi strukturlarının ixtisar edilməsi ilə nəticələnib. Düzdür, bütün banklarda çalışan 16 min nəfərdən çox işçi heyətində ixtisarlar baş verməmişdir. Lakin bank filiallarının 49-u bağlanıb. Bütün bunlar onu deməyə əsas verir ki, bank sektorunun iqtisadiyyatı qidalandırmaq imkanları zəifləyir. İqtisadiyyatın “qan-damar” sisteminin təmin olunma səviyyəsi onu dinamik inkişafı üçün optimist danışmağa imkan vermir. Bu vəziyyətin analizi əsas verir ki, dövlətin monetar stukturları bu vəziyyəti dəyişmək üçün preventiv tədbirlər hazırlasın. Əks halda, iqtisadi staqnasiya vəziyyəti bank sektorunu da arxasınca aparacaq. Çünki bank sektorunda baş verənlər son tendensiyalar iqtisadiyyatın kiçilməsindən xəbər verir”. 

 




Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 30-07-2018, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma