Xəbər lenti

 

Cəfər İbrahimli: “Ölkəmizdə İslam bankçılığından yararlanacaq kifayət qədər müştəri və baza var” Əkrəm Həsənov: “Ölkədə İslam prinsipiləri ilə işləmək istəyən bir çox insanlar var”

Ərəb ölkələrindən Azərbaycana gələnlərin sayının artması gündəmə İslam bankçılığını gətirir. Bu məsələdə zaman-zaman aktual olsa da, hələlik ölkəmizdə İslam prinsipiləri ilə fəaliyyət göstərən bank yoxdur. Ancaq mütəxəssislərin fikrincə, İslam bankçılığının işləməsi üçün müəyyən baza mövcuddur. Sadəcə, qanunvericilik səviyyəsində dəyişiklik edilməsinə ehtiyac var. 

Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, bu məsələ ilə bağlı Azərbaycanda bir neçə dəfə cəhdlər olub: “Müəyyən bankların tərkibində İslam bankçılığı departamenti olub, amma sonradan faəliyyəti dayanıb. Lakin ölkəmizdə İslam bankçılığından yararlanacaq kifayət qədər müştəri və baza var. Elə strateji yol xəritələrində maliyyə bazarlarıda xidmətlərin genişləndirilməsi nəzərdə tutulur. Bank sektoru üçün bu xidmətlərdən biri də İslam ölkəsi kimi İslam bankçılığı modelinin inkişaf etdirilməsidir. Sırf bu sahədə ixtisaslaşmış bankın fəaliyyəti və ya hansısa bank tərkibində bu cür departamentin fəaliyyəti işin faydasına olacaq”. 
Ekspertin fikrincə, bu sistemin işləməsi üçün tələb olunan müəyyən şərtlər var: “Həmin şərtləri tam olaraq indiki hüquqi bazamızla reallaşdırmaqda çətinliklərimiz olub. Yaxud da maliyyə sektorunda tərəflərin qarşılıqlı güvən məsələsində sıxıntı var idi. Çünki orada müəyyən məsələlər güvənə əsaslanır. Azərbaycandakı maliyyə şəffaflığı, kooperativ idarəetmə standartlarının aşağı olması bu şərtlərə imkan vermirdi. Lakin yeni dövrdə qanunverciliyin dəyişməsi, Azərbaycan maliyyə bazarının dünya maliyyə bazarına inteqrasiyası çərçivəsində gətirilən yeniliklərdə bu da nəzərə alınmalıdır. Əsas məsələ  odur ki, hazırkı maliyyə bazarında bu sxem işləyə bilər. Hətta kapital bazarında belə maliyyə qurumlarının mövcud olması, faizlə işləməyə istiqrazların emmisiyası qiymətli kağız bazarının da inkişafına təsir edəcək”. 
Bank məsələləri üzrə digər ekspert Əkrəm Həsənov bildirdi ki, İslam bankçılığı bütün dünyada aktual məsələdir: “Ümumiyyətlə, İslam maliyyə sistemi aktual mövzudur. İslam bankçılığının ənənəvi sistemdən əsas iki fərqi var. Birincisi, İslam bankçılığında faiz məsələsi yoxdur. İkincisi, İslama görə qadağan edilən bəzi fəaliyyət növünə vəsait sərf edilə bilməz. 
Onu da nəzərə alaq ki, son 20 il ərzində sırf maliyyə cəhətdən İslam bankı, İslam sığorta şirkətləri ənənəvi banklardan və sığorta şirkətlərindən daha effektiv və gəlirli olub. Ənənəvi bank depozit yatıran şəxsə gəlir verməlidir. Həmçinin bank da kredit verdiyi şəxsdən faiz alır. Vətəndaşın, bankın gəliri oldu-olmadı, bu vəsaitlər ödənilməlidir. Amma İslam bankçılığında tərəflər şərikə çevrilir. Yəni, vətəndaş pulunu banka qoyur və həmin pulun gəlirinə uyğun gəlir əldə edir. Həmçinin bank da kiməsə kredit verirsə, ona biznesdə şərik olur. Bu da  şəffaflığa yol açacaq”.
Ekspertin fikrincə, İslam bankçılığı Azərbaycanda ona görə tətbiq edilmir ki, qanunda bu yoxdur: “10 il bundan əvvəl Mərkəzi Bankın təklifləri oldu. Amma sonradan buna ehtiyac olmadığı açıqlandı. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası da buna ehtiyac görmür. Qanunda yoxdursa, İslam bankçılığını inkişaf etdirmək də mümkün deyil. Lakin mən əksini düşünürəm. Bunu da üç məqama görə əsaslandırmaq olar. Birinicisi, İslam bankçılığının fəaliyyət göstərməməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Çünki ölkədə İslam prinsipiləri ilə işləmək istəyən bir çox insanlar var. İkincisi, iqtisadi tərəfidir. Dövlət özü maraqlı olmalıdır ki, vətəndaşlar bu sahəyə də pullar qoysun. İnanclı insanlar İslam bankına pul qoysa, “yastıq” altında qalan vəsaitlərin həcmi azalar. Üçüncüsü isə təhlükəsizlik məsələləridir. 
Bu gün İslam adı altında terrorçular, radikallar var. Onların da özlərinin pul sistemi mövcuddur. Bu fonda bəzən adi müsəlmanlar da qurbana çevrilir. İslam bankı olmadığından pullarını qeyri-rəsmi sistemlərə yerləşdirməyə üstünlük verirlər. Lakin onların pullarından dövlət, cəmiyyət əleyhinə istifadə olunur. İslam bankçılığı olarsa, dövlət pula nəzarəti artıracaq”.

 

Mübariz BAYRAMOV




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 20-05-2017, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma