IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra Bakı Olimpiya Stadionunda dekorasiyalar sökülüb.
Virtualaz.org xatırladır ki, qısa müddət ərzində arenanı əvvəlki adi görünüşünə qaytarmaq lazımdır. Çünki artıq mayın 16-da burada yüngül atletika üzrə yarışlar başlayır.
Qeyd edək ki, açılış mərasimi üçün dekorasiyaların quraşdırılmasına altı həftə vaxt lazım olmuşdu.
Bəs, açılış mərasimi arenası altı günə qurulan, bir günə sökülən İslam Oyunları Azərbaycana nə qazandıracaq?
Ovqat.com-un məlumatına görə, mütəxəssislər 2012-ci ildən başlayaraq, demək olar ki, hər il keçirilən bir beynəlxalq tədbirlərin, o cümlədən İslam Oyunlarının Azərbaycana iqtisadi faydasının olmadığı qənaətindədirlər. Mövzuyla bağlı şərhlərinin birində iqtisadçı Natiq Cəfərli də bunu etiraf edərək deyib ki, bu şoulardan gələn birbaşa gəlir bilet satışından götürülən qazancdır, bu da cüzi məbləğdədir:
“Məsələn,İslam Oyunlarının biletləri 2-5 manatadır: 1 milyon bilet satılsa və biletin qiyməti ortalama 3,5 manatdan götürülsə, bu, 3,5 milyon manat pul edir”.
Onun hesablamasına görə, əgər oyunlara baxmağa 30 min turist gəlsə, onlar da ümumilikdə 50 milyon manat pul xərcləyə bilərlər. Bu oyunlara isə hökumətin təqribən azı 200 milyon manat xərcləməsi nəzərdə tutulur:
"Oyunlara 200 milyon xərcləyib, təqribən dörd dəfə azı 50-55 milyon gəlir götürüləcək, bu da sərfəli deyil."
Bəzi ekspertlər isə beynəlxalq tədbirlərin iqtisadi deyil, siyasi dividentinin önəmli olduğu görüşündədirlər. Onların fikrincə, bu cür tədbirlər Azərbaycanın dünyaya tanıdılması üçün mühüm əhəmiyyət kəsb edirlər. Beləcə, mədəniyyətimizin, iqtisadi potensialımızın, təbiətimizin təbliğındə misilsiz rol oynayan bu tədbirlər sabah iqtisadi qazancımıza da səbəb ola bilərlər. Ölkədə turizm sektorunun inkişafı, bir sıra siyasi məsələlərin həlli dünyaya özümüzü necə tanıtmağımızdan asılıdır.
Elədirsə, biz beynəlxalq tədbirlərin yaratdığı imkandan nə qədər düzgün yararlana bilirik?
Əsl müzakirəyə açıq olan məsələ də məhz budur.
Paylaş: