Xəbər lenti

 

Ölkə daxilində istehsal olunan kartof əsasən Tovuz, Şəmkir, Gədəbəy, Cəlilabad, Qazax, Ağstafa bölgələrində yetişdirilir. Məhsuldarlığına görə ən yaxşı şərait Cəlilabadda mümkündür. Həmin bölgədə il ərzində iki dəfə kartof məhsulu əldə etmək olur. Ancaq Cəlilabad kartofu öz keyfiyyətinə görə şimal-qərb bölgəsindən geri qalır. Ağ çiçəyim sortundan yetişən və nişasta ilə zəngin olan ən yaxşı kartofu Gədəbəy və Tovuz rayonlarında əldə etmək mümkündür. Eyni zamanda Şəmkir kartofuna da bazarda güclü tələbat var. Hətta Şəmkirdə ilin soyuq aylarında kartofu istixana şəraitində yetişdirmək olur. Bu isə istehlak bazarında alıcının tələbatının ödənilməsinə kömək edir. 

Ölkəyə kartof Türkiyə, Rusiya, İran, Pakistan, Belarusiya, Misir kimi ölkələrdən gətirilir. Bundan başqa Azərbaycanda becərilən kartof sortları toxumluq məhsulu xaricdən gətirlərək yerli şəraitdə yetişdirilir. Məsələn, Qusarda əkilən kartof toxumu əsasən Rusiyadan idxal olunur. Xarici ölkələrdən gətirilən kartof daha çox texniki sortlardır. Ondan ərzaq məhsulu kimi istifadə edilməsi nəzərdə tutulmur. Buna baxmayaraq bəzi işbazlar həmin kartof sortlarını yerli istehsal adı altında əhaliyə satmaqla məşğul olur.

Şəmkir kartofu 0.60 AZN-ə, Tovuz kartofu 0.70-0.80 AZN-ə, Gədəbəy kartofu 0. 90 - 1 AZN-ə, Qusar-Cəlilabad kartofu 0.50 AZN-ə satılır. Mövsümi amillərdən asılı olaraq bu qiymətlər dəyişir və qış aylarında bahalaşmaya səbəb olur. Məsələn, qış aylarında Tovuz kartofunun 1 kq 0.80-0.90 AZN-ə, Gədəbəy kartofunun 1 kq isə, 1.20 AZN-ə qədər bahalaşır. Belə olan halda istehlakçılar ucuz qiymətə məhsul almaq üçün xaricdən gətirilən kartofa üstünlük verirlər.

Türkiyədə istehsal olunan kartofun 1 kq Azərbaycan bazarında orta hesabla 0.50 AZN-ə, Rusiyadan idxal olunan kartofun 1 kq isə, 0.40 AZN-ə təklif olunur. Ona görə də ekspertlər hesab edir ki, xaricdən gətirilən kartof məhsuluna tətbiq edilən gömrük rüsumunun iki dəfə artırılması, daxili bazarda bahalaşmaya gətirib çıxardacaq. Yəni, qiymət artımı xaricdən gətirilən kartofun satış qiymətində artımın baş verəcəyi qaçılmaz olacaq. Digər tərəfdən xarici məhsula qoyulan gömrük rüsumlarının artırılması, daxili bazarda qıtlığın yaranmasına gətirib çıxarda bilər. Azərbaycanda istehsal olunan kartof ölkə əhalisinin tələbatını tam ödəmədiyindən yerli məhsulun qiymətində 20-30 qəpik bahalaşmanın baş verəcəyi proqnozlaşdırılır. 

İqtisadçı ekspert Cəfər İbrahimli Cebhe.info-ya bildirib ki, aparılan təhlillərdə qonşu ölkələrin valyutasında yaranan dəyər itkisi sadəcə yeyinti məhsulları baxımından yerli istehsalı təhdid etdiyi ehtiva edir. İqtisadçı deyib ki, bunun da gömrük vergilərinin tənzimlənməsi ilə manat üzərində yaranacaq təzyiqin ötürülməsinin mümkünlüyünü şərtləndirir:

“Hökumətin bir neçə gün əvvəl kartof idxalı üçün gömrük rüsumlarını 100 faiz artırması bunu deməyə əsas verir ki, yaxın müddətdə manatın dəyərində sərt dəyişikliklərə gedək. Həmçinin, daha çox idxal olunan mal qruplarının daxili istehsalı təhdid etdiyi durumlarda, gömrük və vergi rüsumları üzərindən tənzimləmə olunacağı mesajı verilmiş oldu”.

Kartofun qiymət məsələsi ilə bağlı spekulativ söyləntilərə gəlincə, ekspert deyib ki, heç bir hökumət mal və xidmətlərin süni surətdə qiymətinin yüksəldilməsi yönündə stimullaşdırıcı qərar almaz:

“Bu, sadəcə tənzimləmə funksiyasından və yerli istehsalın davamlılığını təmin etmə məqsədi güdə bilər. Heç kimə sirr deyil ki, İran, Pakistan və Belarusiyadan ciddi kartof istehsalı var. Son illərdir manatın dəyərli olması fonunda bu ölkələrdən ciddi miqdarda kartof idxal olunurdu. Hətta cəmiyyətin sağlamlığını təhdid edən texniki kartof həcmi də az deyildi və yerli istehsalı boğulmuş vəziyyətdə idi. Son məzənnə dəyişikliyindən sonra cari ildə ölkədə 59000 hektar sahədə kartof əkilib və bu günlərdə məhsulun hasat dönəmi bitmək üzrədir. Artıq hökumətin əlində cari istehsal və stok haqqında dəqiq məlumatların olduğu məlumdur. Ölkədə orta hesabla hektardan 10 ton kartof toplandığını nəzərə alsaq, bu təxminən 590-600 min ton təşkil edir ki, bu da ölkənin 500 min ton olan daxili tələbatını qarşılamaq imkanındadır. Dolayısı ilə iqtisadiyyatın təməl qaydalarına görə təklif artıqlığı varsa, ölkədə minlərlə kartof istehsal edən fermer təsərrüfatları, topdan və pərakəndə subyektləri mövcuddursa, "süni qiymət artımı" olacağı inandırıcı deyil”.

Cəfər İbrahimli onu da qeyd edib ki, məhsulu min bir əziyyətlə əkib becərən fermerləri düşünmək daha məqsəduyğun olar:

“Hazırkı məhsuldarlıq vəziyyətinə görə 1kq kartofun becərilməsinin maya dəyərinin 25-30 qəpikdir. Məhsulun saxlanma və nəqliyyat xərclərini, fermer, topdançı və pərakəndəçilərində gəlir əldə etmək haqları olduğunu nəzərə alsaq, kartofun qiymətinin ən azı 70-80 qəpik səviyyəsində olması, həm istehsalçıların, həm də istehlakçıların uzun müddətdə yararına olacağını söyləməyə əsas verir”.\\Cebhe.az




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 6-09-2018, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma