Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 16-da keçiriləcək növbəti hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyət, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir.
Komitədən AZƏRTAC-a bildirilib ki, ƏMDK tərəfindən təşkil olunan hərraclarda özəlləşdirilən dövlət əmlakları fiziki və hüquqi şəxsləri əmlak sahibi etməklə yanaşı, özəl sektorda yeni biznes imkanları yaradır. Elektron hərraclar isə prosesi sürətləndirməklə bərabər, rahatlığı təmin edir. Dövlət əmlaklarına elektron sifarişlərin verilməsi, onlayn qatılmaq kimi üstünlüklər iştirakçı aktivliyini artırır. Hər həftə keçirilən hərraclara müxtəlif sahələrə aid yüksək iqtisadi potensiallı dövlət əmlakları çıxarılır.
Budəfəki hərraca təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aid səhmdar cəmiyyətlərin nizamnamə kapitalının 30-45 faizlik səhm paketləri çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlaklarına Xırdalan Nəqliyyat, Bərdə Kərpic, Şəmkir Nəqliyyat Ekspedisiya və digərləri aiddir.
Kiçik dövlət müəssisələri isə Bakı, Gəncə, Ağdam, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 15 kvadratmetr ilə 3763 kvadratmetr intervalında, təyin olunan ilkin hərrac qiyməti isə müxtəlifdir. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 145 saylı bufetin ümumi faydalı sahəsi 299 kvadratmetrdir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən bu obyektin ilkin hərrac qiyməti 74 min manatdır. Fəaliyyətinin bərpası ictimai iaşə obyektini sahibi üçün xidmət sahəsində yüksək gəlir mənbəyi edə bilər. Lənkəranda Əmlak kompleksi, Qobustanda Taxıl qəbul məntəqəsi və digər özəlləşdirməyə çıxarılan əmlaklar potensial hərrac iştirakçıları üçün maraqlı obyektlərdir.
Kiçik biznes sahələri üzrə ofis və ya digər xidmət obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin 9-u Bakıda, 2-si isə Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 19 kvadratmetr ilə 177 kvadratmetr aralığındadır. Paytaxtın Səbail rayonu, Ş.Ələkbərova küçəsi, 7 ünvanındakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 107 kvadratmetr, ilkin hərrac qiyməti isə 80 min manatdır.
Avtomobil sahibi olmaq istəyən şəxslər üçün bu dəfə hərracda geniş seçim imkanı mövcuddur. Buraxılış tarixləri 2005-2009-cu il olan nəqliyyat vasitələri “DAEWOO”, “MAN LİON S Classik”, “BMW” və “Nissan” markalarına aiddir.
Hərraclarda təqdim olunan imkanlardan istənilən şəxs yararlana bilər. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat öyrənmək və hərrac iştirakçısına çevrilmək üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Əmlak Məsələləri Dövlət Komitəsi mülkiyyət sahibi olmaq istəyən hər kəsi məkan anlayışı olmadan vaxta qənaəti təmin edən hərraclarda fəal iştirak etməyə dəvət edir.
Paylaş: