Xəbər lenti

Yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq ölkə boyu yol infrastrukturunun yenidən qurulması istiqamətində müxtəlif layihələr uğurla icra olunur. Bu layihələr sırasında kəndlərarası avtomobil yollarının yenidən qurulması xüsusi əhəmiyyət daşıyır.
Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir.
Ovqat.com xəbər verir ki, söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir.
Layihə çərçivəsində avtomobil yolunun 2.1 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.  Bu hissədə yol əsasının eni 6 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2 m olmaqla, yol yatağının eni 10 m təşkil edir.
Yolun 4 km-lik hissəsi 5-ci texniki dərəcəyə uyğun olaraq salınıb. Burda yol əsasının eni 4.5 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 1.75 m olmaqla, yol yatağının eni 8 m təşkil edir.  Qeyd olunan hər iki hissədə artıq yol yatağının və yol əsasının inşası, 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri tam olaraq bitib.
Avtomobil yolunun qalan 12.1 km-lik hissəsi isə 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Bu hissədə yol əsasının eni 7 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2.5 m olmaqla, yol yatağının eni 12 m-dir. Sözügedən ərazinin 5 km-lik hissəsində tikinti işləri artıq bitib. Hazırda işlər qalan 6 km-lik hissədə aparılır, yol asfaltlanır.
Ümumilikdə avtomobil yoluna  2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə üzrə yol boyu asfaltlanacaq ərazi 110 min m2  təşkil edir.
Yenidənqurma işləri zamanı avtomobil yolunda 12 yerdə ümumi uzunluğu 144 m olan müxtəlif diametrli dəmir və metal suötürücü borular tikilib, 384 m uzunluğunda isə arx çəkilib və yağış sularının kənarlaşdırılması üçün ehtiyyat borular qoyulub.
Tikinti işlər tamamilə yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərə 78 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 12 km uzunluğunda isə yolcizgi və yol göstərici xətlər çəkiləcək.
Qeyd edək ki, 18 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə payız- qış aylarında yaranan problemləri  aradan qaldırmaqla vətəndaşların gediş- gəlişini rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, ən əsası isə yeni yol kənd təsərrüfatının inkişafına və yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.

 

 




Ana səhifəyə qayıt        Baxış: 832          Tarix: 27-05-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma