Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 414,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 7,4% artaraq 246,3 milyon manat təşkil edib.
Ötən 9 ay ərzində Azərbaycanda 18 175,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 5,7% çoxdur.
Bunun 1 290,6 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 9,3% azdır.
Bunun 16127,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 7,2% çoxdur.
Hesabat dövründə Azərbaycanda 85,8 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur.
Yanvar-sentyabr aylarında ölkədə 34 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 7,3% çoxdur.
Paylaş: