Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı tərəfindən maliyyə-bank sektoru ilə əlaqədar verilmiş tapşırıqların icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlakyönümlü bankların iştirakı ilə iclas təşkil olunub, fəaliyyət istiqamətləri müzakirə edilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ötən dövrlərlə müqayisədə bank sektoru üzrə göstəricilərin yaxşılaşmasının müsbət hal olduğunu bildirib. Qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən əsas götürülən iqtisadi kurs zəminində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə müsbət qiymətləndirilir, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dərc olunan hesabatlarda öz əksini tapır. Belə ki, Dünya Bankının son “Doing Business” hesabatında biznes mühitinə görə Azərbaycan dünya ölkələri arasında 25-ci yerdə qərarlaşıb, 20 ən islahatçı ölkə sırasında yer alıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən “Moody’s” beynəlxalq reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit “Ba2” səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Bildirilib ki, oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən də təsdiqlənib və “BB+” reytinqi ilə ölkəmiz Şərqi Avropa və post-sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi üçüncü rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb.
Buna baxmayaraq, dövlətimizin başçısının müşavirədə səsləndirdiyi haqlı iradına əsasən İ.Alışov istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artdığını, bu faktorun ölkə rəhbərinin də vurğuladığı kimi, bank sektorunda yaxın keçmişdə baş vermiş böhranın əsas səbəblərindən biri olduğunu, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərdiklərini mənfi hal olaraq diqqətə çatdırıb, bu istiqamətdə qəti addımların atılmalı olduğunu vurğulayıb.
Görüşdə qeyd olunub ki, istehlak kreditləşməsinin aktiv fazaya keçməsi və bu trendin banklar tərəfindən tənzimlənməsinin vacibliyi ilə bağlı ötən il və cari ildə MBNP-nin təşkilatçılığı ilə banklarla analoji görüşlər keçirilsə də, arzuolunan nəticələrə tam nail olunmayıb.
İclasda Azərbaycan Banklar Assosiasiyasının və bankların təmsilçiləri çıxış edərək qeyd olunan müşavirədə maliyyə-bank sektoru ilə bağlı Prezident İlham Əliyevin qaldırdığı məsələləri və iradları əsas götürərək istehlak kreditləşməsi ilə bağlı məsələnin həlli məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq fonunda tədbirlərin görülməsinə, həmçinin biznes kreditlərinin artımı məqsədilə real sektorda yetərli tələbin formalaşdırılması üçün aidiyyəti dövlət strukturları ilə birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
İclasın yekununda qarşıya qoyulmuş tapşırığın həlli istiqamətində banklarla birgə əməkdaşlıq çərçivəsində prosesin tənzimlənməsi hədəf olaraq qəbul edilib və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, bankların strateji planlarının yenidən gözdən keçirilməsi və qısa müddətdə təkliflərin MBNP-yə təqdim olunması qərara alınıb, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilib. Əlavə olaraq, problemin həlli istiqamətində palata tərəfindən bir sıra normativ xarakterli aktlara dəyişiklik ediləcəyi və dövlətin iqtisadi blokunu təmsil edən strukturlarla kommunikasiya şəklində məsələyə kompleks yanaşmanın tətbiq ediləcəyi vurğulanıb.
Paylaş: