Xəbər lenti

 

Maliyyə Bazarlarına Nəzarət Palatasında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndə heyəti ilə görüş keçirilib. 

"Report" Palataya istinadən xəbər verir ki, görüşdə Bankın Azərbaycanda, yerli valyutada istiqraz emissiyası həyata keçirməsi, ölkəmizin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılmış addımlar, gələcək üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq.

Maliyyə bazarlarında önəmli məsələlərdən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısının imzaladığı fərman, bu fərman çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər barədə danışılıb.

Daha sonra, kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığının yaxşılaşdırılması üçün Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin, özəl kredit bürolarının fəaliyyətə başlaması, həmçinin Strateji Yol Xəritələrinin icrası üzrə maliyyə sisteminin inkişafında atılmış addımlar barədə görüş iştirakçılarına məlumat verilib.

EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə yeni təyin olunmuş İdarəedici Direktoru Matteo Patrone, ilk öncə, qiymətli kağızlar bazarının inkişafı istiqamətində Palata ilə Bank arasında mövcud əməkdaşlıq çərçivəsində reallaşdırılmış işlər barədə məlumat verib. EBRD-nin Azərbaycan üzrə apreldə açıqlanmış yeni strategiyasına əsasən kiçik və orta biznes, həmçinin aqrobiznes subyektlərinin maliyyələşməsinin prioritet hesab edildiyini nəzərə alaraq, Azərbaycanda bu sferada həyata keçirilən islahatlar yüksək qiymətləndirilib və əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 426          Tarix: 5-09-2019, 17:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma