Azərbaycan kənd məhsullarının Rusiya bazarına ixracatı 600 milyon dollara yaxındır.
Bu barədə Baş nazirin müavini Şahin Mustafayev “Vesti Kavkaza”ya bildirib.
“Hökumətlərarası komissiya çərçivəsində təhlil aparıb bu rəqəmi azı ikiqat artıra biləcəyimizi anladıq. Bu istiqamətdə gedirik. Bu baxımdan gömrük və vergi sahəsində müasir texnologiyaların istifadəsi böyük əhəmiyyət daşıyır. Hazırda Rusiyanın aidiyyatı qurumlarının Azərbaycandan gedən məhsulları elektron mühitdə izləmək imkanına nail olmuşuq. İndi Rusiya bazarına göndərdiyimiz malların mənşəyini, keyfiyyətini, başqa göstəricilərini də yerindəcə avtomatik olaraq yoxlana bilməsi üçün addımlar atırıq”, – Ş.Mustafayev bildirib.
İixrac-idxal əməliyyatları, habelə tranzit daşımaları baxımdan müvafiq infrastrukturun vəziyyətinin də əhəmiyyətini vurğulayan Baş nazirin müavini qeyd etdi ki: “Hazırda Şimal – Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Bu dəhlizdən yük daşımaları ötən il səkkiz dəfə, bu il də daha 70 faiz artıb”.
Ötən ildə Rusiya ilə ticarət dövriyyəsinin 20 faiz artdığını qeyd edən Ş.Mustafayev bu ilin 9 ayında 24 faizlik artıma nail olduğunu diqqətə çatdırıb: “Ticarət müharibələri, sanksiyalar, embarqolar baş alıb getdiyi bir vaxtda bu cür nəticələr daha da sevindirici, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün də hədsiz əhəmiyyətlidir”. \\Report
Paylaş: