Son dovrlər ölkə ictimaiyyətinin ən fəal müzakirə mövzularından biri də uşaq pullarının verilməsi məsələsidir. Milli məclisdə budcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bu mövzunu özünəxas tərzdə qapatmağa çalışsa da məsələnin gündəmdən düşməməsi problemin aktuallığının göstəricisi sayıla bilər. Görəsən nazirliyin bu məsələnin həllindən yayınmasına səbəb nədir? Və niyə görə sözügeden dövlət qurumu uşaq pulunun verilməsinə bu qədər inadla qarşı çıxır? Bu məsələ ilə bağlı tanınmış iqtisadçı- alim Qubad Ubadoğlunun fikirləri zənnimizcə, Ovqat.com.un oxucuları üçün də maraqlı olacaq. Qubad İbadoğlunun sozlərinə görə, uşaq pulunun adı da bəlli, ünvanı da məlumdur. Tanınımış ekspert qeyd etdi ki, son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəsmiləri uşaq pullarının verilməsinə ehtiyac olmadığını əsaslandırmağa çalışır və onun səmərəliliyini inkar edirlər:
-Nazirin məlum açıqlamasından sonra onun müavini Anar Kərimov daha da irəli gedərək, jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaqpulu isə ünvanlılıq prinsipinə tam cavab vermir.
-Nazirlik rəsmisinin bu iddiası həqiqətə uyğundurmu?
-Sosial yardımda ünvanlılıq prinsipi bu məqsədlə ayrılan vəsaitin əhalinin yalnız ehtiyacı olan təbəqəsinə və ya ehtiyacı olan hər kəsə çatdırılmasıdır. Nazir müavinin açıqlamasından 3 nəticə çıxarmaq olar. 1. Uşaq puluna ehtiyac yoxdur. 2. Uşaq pulunu ehtiyac olsa da onu hər kəsə çatdırmaq mümkün deyil. 3. O, sosial yardımda ünvanlılıq prinsipi düzgün anlaşılmır. Hər 3 qənaətdən bir nəticə çıxır ki, nazir müavinin bu açıqlaması gerçəkliyi təhrif edir, onun "14 növ sosial müavinətə görə ayrılan 494 milyon manat 585 min uşağı əhatə edir" hesablaması da yalnışdır. Çünki, 2020-ci ilin büdcəsində proqnozlaşdırılan uşağın anadan olmasına görə 14,9 milyon manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14,5 milyon manat vəsaitin yarısından çoxu yalnız uşaq doğularkən və yerdə qalan hissəsi isə aztəminatlı təbəqələr üçün 3 yaşadək uşaqların sosial qayğısını əhatə edir. Uşaqlar üçün ödənilən digər müavinətlər isə yalnız xüsusi imtiyaza (şəhid ailəsi və s.) malik olan əhali təbəqəsinə və sağlamlıq imkanları məhdud olan uşaqlara ünvanlanır. Bu isə Azərbaycanda uşaqlar üçün ayrılan yardımın ehtiyacı olanların hamısını əhatə etmədiyini və davamlı xarakter daşimadığını deməyə əsas verir.
-Uşaq pullarını hansı mənbələrdən ödəmək olar?
- Əmək və Əhalinin sosial müdafiəsi naziri çıxışında uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd etmişdi və bu qədər vəsaitin həmin məqsəd üçün gələn ilin büdcəsindən ayrılmasının mümkünsüz olduğunu bildirmişdi. 2020-ci ilin büdcəsindən uşaq pulunun verilməsi üçün 2 maliyyə qaynağını təqdim edirəm. Eyni zamanda, əvvəlcədən bildirmək istəyirəm ki, növbəti ilin büdcəsində əks olunan hər iki qaynaq potensial korrupsiya mənbəyidir, şəffaflıq və hesabatlılığa kölgə salır. Növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə “Malların (işlərin və xidmətlərin) satınalması” bölməsi 28,2 faizlik xüsusi çəki ilə 7,6 mlrd. manat məbləğində nəzərdə tutub. “Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin “Sair xərclər” və “İstehlak yönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait “Sair xərclər” və “İstehlak yönümlü xərclər” adı ilə qapalı saxlanılır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib. Bundan başqa, Hesablama Palatasının hesablamalarına görə, 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 mln. manat nəzərdə tutulub ki, bu da 2018-cı ilin icra göstəricisindən 1534,5 mln. manat və ya 50 faiz çoxdur. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1% təşkil edir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib. Odur ki, rəhbərlər istəsəydilər uşaq pullarının ödənilməsi üçün 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərdilər. Hələ də gec deyil.
-Demək, uşaq pullarının ödənilməsinin mümkünsüzlüyü barədə gətirilən arqumentlər reallığı əks etdirmir?
-Təbii ki, əks etdirmir. Hətta bunlar hamısı deyil, başqa maliyyə mənbələri də təqdim edə bilərəm. Uşaq pulunun müasir tələblərə uyğun olaraq bərpası labuddür, eləcə də uşaqlara sosial yardım universal deyil, ünvanlı və müntəzəm xarakter daşımalı, onların 18 yaşadək olan qayğılarının sosial müdafiəsinə yönəldilməlidır.
Paylaş: