Xəbər lenti

2020-ci ildə neftin qiymətinin iqtisadi göstəricilərlə qalxması mümkünsüz görünür. Ancaq qlobal müharibələr olarsa, neftin qiyməti 90 dollara qədər qalxa bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2020-ci ildə neftinin qiymətinin 90 dollara qədər qalxacağı ilə bağlı proqnozlar haqqında danışarkən deyib. O bildirib ki, 2020-ci ildə neftin qiymətinin aşağı enəcəyi ilə bağlı proqnozlar daha real görünür:

“Neftin qiyməti ilə bağlı müəyyən proqnozlar verilir. Neft bazarı artıq o həddə çatıb ki, iqtisadi amillər ikinci plana keçib. Hazırda qiymətlərə təsir edən əsas amillər giosiyasi gərginlik, hərbi münaqişələr və iqtisadi sanksiyalardır: yəni İrana sanksiyaların sərtləşməsi və bu ölkənin neft bazarından kənarda qalması, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrid müharibəsinin getməsi və sair. Bütün bu amillər neftin qiymətinə ciddi təsir göstərir və qiymətləri yuxarı çəkir. Lakin iqtisadi amillər önə çıxsa, tələb və təklif qaydaları işləsəydi, indi neftin qiyməti 50 dollardan aşağı olmalı idi. Çünki dünyada neft hasilatı sürətlə artır, istehlak isə ildən-ilə azalır. 10 il öncə belə bir proqnoz var idi ki, 2020-ci ildə gündəlik neft istehlakı 115-120 milyon barrel olacaq. Bu gün isə gündəlik neft istehlakı 100 milyon barrelə hələ çatmayıb. Belə olan halda qiymətlərin qalxacağı proqnozu o qədər də real görünmür”.

İqtisadçının sözlərinə görə, 2020-ci ildə avtomobil sahəsində elektrik enerjisinə tələbatın artması da neftin qiymətinin enməsinə səbəb ola bilər:

“İstehlak azalır, elektrik enerjisi hasilatında bərpa olunan enerjiyə üstünlük verilir, avtomobil sənayesi kökündən dəyişir. Cəmi 10 il öncə dünyada olan avtomobillərin 0,3 faizi elektriklə çalışırdısa, bu gün bu rəqəm 10 faizə çatıb, hələ 2025-ci ildə 50 faizə çatması gözlənilir. Bu da ciddi sıçrayışla baş verən artımdır və neft istehlakının azalmasına da təsir edir. Yəni bu baxımdan hesab edirəm ki, gələn il də neft bazarında əsas həlledici məqam siyasi gərginliklər olacaq. Ona görə də indidən neftin qiymətinin 90 dollara qədər qalxacağı proqnozunu vermək düzgün deyil”.




Ana səhifəyə qayıt        Baxış: 383          Tarix: 11-12-2019, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma