Xəbər lenti


Bu il pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.
Strateq.az xəbər verir ki, bunu “Azərtac”a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir: “Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq. Hər bir təklifin mümkün qədər əsaslandırılmasına çalışacayıq.
Büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.
Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır”.
“Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq”,  – V.Gülməmmədov bildirib.
O, vurğulayıb ki, cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək:
“Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin bu ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik. İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin vəsaitlərdən səmərəli və nəticəli istifadənin daha da qabarıq şəkildə təbliği cari şərtlərdə aktualdır. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansı büdcə modelinin gələcəyi hesab edilir.
Təkliflərimizdən biri də real sektorda azad rəqabətin və özünüreallaşdırmanın daha da artırılması baxımından dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının yenilənməsi və onlara əməl olunmasına nəzarətin gücləndirilməsi, müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada tənzimlənməsi ilə bağlıdır.
Bundan başqa, gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə malik xərclərin maliyyələşdirilməsi məqsədi daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə nəzərdə tutulan sərhədlərin müvəqqəti olaraq genişləndirilməsi məsələsinə də baxıla bilər.
Prezident tərəfindən büdcə xərclərinə yenidən baxılması istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə başçısının göstərişlərinin yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi, büdcə təşkilatlarının “evdə qal” prinsipindən “qənaətlə xərclə” prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir. Düşünürük ki, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq.
Hazırkı şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir. Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az “təhlükəli” edər. Yeri gəlmişkən, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib.
Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərmiş olacaq. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar”.



Ana səhifəyə qayıt        Baxış: 1 360          Tarix: 7-04-2020, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma