Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəxslərə birdəfəlik ödəmənin verilməsinə dair ən çox verilən suallara aydınlıq gətirib. 
Ovqat.com bildirir ki, "Qafqazinfo" ən çox verilən sualları cavabları ilə birlikdə təqdim edir:
Sual: Aprelin 1-nə qədər işsiz statusu alan vətəndaş birdəfəlik ödəməni almaq üçün yenidən qeydiyyatdan keçməlidir?
Cavab: Xeyr, təkrar müraciətə ehtiyac yoxdur. 
Sual: İşsiz kimi qeydiyyata alınmaq üçün necə müraciət edə bilərəm?
Cavab: 1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq.
2. e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə.
3. İnternetə çıxış imkanları olmayan işsizlər Məşğulluq mərkəzlərinə zəng edərək.
Sual: Birdəfəlik yardımı (190 manat) almaq üçün elektron qeydiyyatdan keçmişəm. Təsdiq cavabı necə gələcək?
Cavab: Cavab mobil nömrənizə SMS-lə göndəriləcək.
Sual: Nazirlik tərəfindən elan olunmuş qrafik əsasında qeydiyyatdan keçə bilməyənlər 190 manat birdəfəlik ödəməni almaq hüququnu itirirmi?
Cavab: Xeyr, qrafik üzrə müraciət vaxtı bitdikdən sonra (aprelin 12-dən) hər hansı məhdudiyyət olmadan müraciət mümkün olacaq.
Sual: Ailədə ər və arvadın hər ikisi, habelə yaşı 15-dən yuxarı övladı da işsizdirsə, birdəfəlik ödəmə kimə veriləcək?
Cavab: Ödəmə ailədə sosial ödəniş almayan ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladına veriləcək.
Sual: Nəyə görə 190 manat?
Cavab: 2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edilib. Pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.
Sual: Şəxs özü, arvadı, uşaqları və valideynləri ilə birlikdə yaşayır. Bu halda 190 manat birdəfəlik ödəməni almaq üçün kimin müraciət etmək hüququ var?
Cavab: Şəxs öz arvadı ilə birlikdə bir ailə sayıldığı üçün (ər və ya arvaddan birinin) ayrıca müraciət hüququ var. Valideynləri isə digər ailə sayıldığından (ər və arvaddan birinin) ayrıca müraciət etmək hüququ var. 
Sual: 15 yaşdan yuxarı əmək qabiliyyətli şəxs valideynləri ilə birlikdə yaşayır. Bu halda birdəfəlik ödəməni almaq üçün kimin müraciət etmək hüququ var?
Cavab: 15 yaşdan yuxarı əmək qabiliyyətli şəxsin özünün fərdi qaydada müraciət etmək hüququ var. Eyni zamanda valideynlərinin (ər və ya arvaddan birinin) ayrıca müraciət etmək hüququ var.
Sual: Mobil nömrəsi öz adına olmayan şəxslər birdəfəlik ödəməni almaq üçün necə qeydiyyatdan keçə bilərlər?
Cavab: Sosial.gov.az saytında "Müraciət bölməsində" müvafiq Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən birinə zəng edərək qeydiyyatdan keçə bilərlər.
Sual: Birdəfəlik ödəməni almaq üçün müraciəti qeydiyyatda olduğum, yoxsa yaşadığım yer üzrə etməliyəm?
Cavab: Müraciət üçün qeydiyyat və yaşadığınız ünvanın fərqli olması maneə yaratmır.
Sual: Alminet alan işsiz qadının birdəfəlik ödəməni almaq hüququ var?
Cavab: Bəli, var.
Sual: Ər və ya arvaddan biri xarici ölkə vətəndaşıdırsa digərinin 190 manat birdəfəlik ödəməni almaq hüququ varmı?
Cavab: Bəli, var.





Ana səhifəyə qayıt        Baxış: 2 178          Tarix: 9-04-2020, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma