Xəbər lenti


Dövlət  satınalmalarında   şəffaflıq və effektivlik  problemlərinin analizi  və təkliflər

 Azərbaycanda korrupsiya riski yüksək olan sahələrdən biri kimi dövlət satınalmaları sahəsində islahatların davam etdirilməsinə ciddi ehtiyac var.  Bütövlükdə, indiki sistem, qanunvericilik bazası və mexanizmlər şəffaflıq və hesabatlılığın daha yüksək səviyyədə  təmin etmək gücündə deyil. Bu həm korrupsiya hallarına qarşı təsirli mübarizə aparmağa imkan vermir, həm də effektivliyi aşağı salır.
 Bu sahədə korrupsiya hallarının aradan qaldırılması, şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün daha miqyaslı islahatlara, daha ciddi təşəbbüs və addımlara ehtiyac var. Bu islahatlara olan ehtiyacı nəzərə alaraq Beynəlxalq Şəffaflıq Təşkilatının (Transpatency İnternational) milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB (Transparency Azerbaijan) ABŞ-ın German Marşal Fondunun Qara dəniz İşbirliyi Proqramının dəstəyi ilə “Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi” layihəsini həyata keçirir. Bundan əvvəlki,  “Dövlət satınalmalarında şəffaflığı necə təmin etməli? –Azərbaycan xarici təcrübədən nələri öyrənməlidir” (https://azpolitika.info/?p=597096) məqaləmizdə bu sahədə beynəlxalq təcrübə tətbiq olunan alətlər və ölkəmizdə bunlardan istifadə imkanları təhlil edilmişdi.
 Bu məqalədə isə Azərbaycanda elektron satınalma sisteminin boşluqları və çatışmazlıqları, həmçinin üstünlükləri, sistemin təkmiləşdirilməsiylə ilə bağlı ekspertlərimizin qənaətlərini, təkliflərini bölüşəcəyik.
 Azərbaycanda elektron satınalma sisteminin tətbiqinə “Dövlət satınalmaları haqqında” Qanuna 28 dekabr 2018-ci il  tarixli dəyişikliklərlə start verildi.  Bu təqvimdən 4 ay sonra isə (16 aprel 2019-cu il) “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiqləndi.
 Yeni dəyişikliklərə görə, “tender” anlayışı satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların yalnız kağız daşıyıcıda deyil, həmçinin,  elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə hesab edilir. Eyni zamanda, satınalma planlarının elektron formada dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi hüquqi tələbə çevrildi.
 Səmərəlilik meyarları
 Səmərəlilik meyarından yanaşsaq,  elektron satınalma sistemləri satınalma prosesinin bütün prosedurlarını avtomatlaşdıra və standartlaşdıra bilir, tapşırıqların yerinə yetirilməsinə vaxt azaldır və insan amilinin təsir dərəcəsini zəiflədir. Eyni zamanda, elektron satınalma bazara çıxışı asanlaşdırır və beləliklə, səmərəliliyin artmasına, rəqabətin artmasına, inzibati yük və əməliyyat xərclərinin azalmasına kömək edir.
 Lakin bu hədəflərə nail olmaq üçün sistem mükəmməl qurulmalı, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxan elektron satınalma portallarının imkanlarından maksimum yararlanmaq vacibdir. İlk növbədə, Azərbaycanda hazırda ənənəvi, kağız daşıyıcılara əsaslanan satınalma sistemilə müqayisədə elektron sistem istisnasız olaraq müsbət tərəflərilə xarakterizə edilə bilər. Azərbaycanda son illər tətbiqinə başlanan elektron satınalma sisteminin əsas üstünlükləri kimi aşağıdakıları qeyd etmək olar:
  • Satınalma prosedurlarının nəticələri üzrə məlumatların operativ təqdim olunması;
  • İllik satınalma planlarının açıqlanması;
  • Malgöndərənlərin satınalma proseduruna daxil olmasında satınalan təşkilatların ayrı-seçkiliyə yol verməsinin minimuma endirilməsi və bu səbəbdən qalib şirkətlər arasında biznes aləmində tanınan ixtisaslı şirkətlərin adlarının daha tez-tez görünməsi;
  • Elektron satınalmanın nəticələrinin avtomatik rejimdə portal vasitəsilə açıqlanması;
  • Bağlanmış müqavilələr üzrə alınacaq malların (iş və xidmətlər) siyahısının və icra müddətlərinin açıqlanması;
  • Tender müsabiqəsinin qalibinin müəyyən edilməsi zamanı qiymətləndirmə meyarlarının açıqlanması;
  • Satınalma prosedurları üzrə aralıq məlumatların (satınalma prosedurları üzrə müddətlərə düzəlişlərin edilməsi, satınlamaların baş tutmaması və ləğv edilməsi) bir portal vasitəsilə açıqlanması;
  • Qalib şirkətlərin və fiziki şəxslərin eyniləşdirmə nömrəsinin təqdim olunması ilə onların digər eyniadlı şəxslərlə qarışıq salınmasının aradan qaldırılması.
 Elektron satınalma sisteminin nöqsanları  
Dövlət adından satınalma həyata keçirməyə öhdəliyi olan bütün müəssisə və təşkilatların elektron reyestri hazır deyil, elektron satınlama qanunvericlikdə istisna qoymadan icbari hüquqi mexanizm kimi təsbit edilməyib, qanunvericilikdə müqavilələrin icrasına kameral elektron nəzarət tələbləri və posedurları nəzərdə tutulmayıb və s.  Hazırkı vaxtda sistemin nəzərəçarpan əsas çatışmazlıqları kimi aşağıdakı məqamları qeyd etmək mümkündür:
  • Satınalma portalı dövlət satınalan təşkilatlarının bir çoxunu (SOCAR və onun törəmə müəssisələri, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC və s.) əhatə etmir;
  • Bir çox satınalma planları qanunvericiliyin tələblərinə uyğun təqdim olunmur və bəzi satınaalan təşkilatlar satınalma planını satınalma proseduru elan olunmazdan 7-10 gün əvvəl yerləşdirirlər;
  • Bəzi elanlarda nəzərdə tutulan məlumatların hamısı açıqlanmır, elanlarının qanunla müəyyən olunmuş qaydada, tam şəkildə açıqlanmasını təmin edən informasiya texnologiyaları əsasında nəzarət mexanizmi yoxdur;
  • Portal bağlanmış bütün satınalma müqavilələri barədə ətraflı məlumatın verilməsini təmin etmir;
  • Satınalmalarda iştirak etmiş rəqiblərin (iddiaçı və iştirakçılar) adları və onların qiymət təklifləri, yaxud bal sistemi üzrə sıralanması təqdim olunmur;
  • Bağlanmış müqavilələr barədə təqdim olunan operativ informasiya müfəssəl deyil;
  • Elektron satınalmalar ixtisas uyğunluğu olmayan şirkətlərin satınalmalarda iştirakının qarşısını ala bilməyib, ixtisas uyğunluğu tələbi üzrə ballar minimal səviyyədədir;
  • Satınalma müqavilələri üzrə arxiv məlumatlarının (cari dövrədək keçirilmiş satınalmaların) heç də hamısı məlumat bazasında saxlanmır;
  • Bir sıra satınalan təşkilatlar satınalmaların nəticələri üzrə bildirişdə bağlanmış müqavilənin tarixini və məbləğini təqdim etmirlər;
  • Satınalma metodları üzrə yekunlaşmış müsabiqələrin elanları arxivləşdirilmir, başa çatdıqdan sonra bazadan çıxarılır.
 Təkmilləşdirmə üçün təkliflər
 İlk öncə elektron sistemin fəaliyyəti ilə bağlı qanunvericiliyə 2 yeni satınalma üsulunun daxil edilməsinə ehtiyac var. Bu metodlar ənənəvi sistemdə istifadə edilən qeyri-rəqabətli satış üsullarını (məsələn, kotirovka sorğusu, təkliflər sorğusu) uğurla əvəz edərək bütün satınalmalarda yalnız rəqabətli metodlardan istifadəni təmin edər. Kiçik alışlar üçün aşağıdakı elektron satınalma üsullarından istifadə edilə bilər:
  • Dəyəri 10 min manatı ötməyən malların (xidmətlərin) satınalınması üçün elektron ticarət üsulu tətbiq edilə bilər. Bu halda satınalan qurum daxili qərarı ilə təchizatını sərbəst seçir, internet üzərindən sifariş etməklə ehtiyacı olan malı (xidməti) alır. Lakin satınalma proseduru ilə bağlı bütün məlumatlar, o cümlədən təchizatçının adı və ünvanı, alınan malların (iş və xidmətlərin) dəyəri və həcmi portalda yerləşdirilməlidir;
  • Dəyəri 10 000 manatdan çox, 100 000 manatdan az olan mal və xidmətlərin alışı üçün elektron hərraclardan istifadə edilə bilər. Beynəlxalq təcrübədə geniş yayılan bu üsul “tərs hərrac” metodu da adlandırılır. Bu üsul tətbiq edildiyi halda malalan təşkilat onlayn qaydada müsabiqə elan edir və təchizatçılar da internet üzərindən hərraca qatılmaqla öz qiymətlərini təklif edirlər. Elektron hərracda qiymətlər gizli olmur, ənənəvi hərracda olduğu kimi hər bir iddiaçı özünün qiymətini bəyan edir. Onlayn hərrac davam etdiyi müddətdə iddiaçıların özləri görünməsə də, qiymət təkliflərini iştirakçıların hamısı izləyə bilir. Qiymət təklifləri 3 mərhələdə təkrarlanır və sonuncu mərhələdə ən aşağı qiyməti təklif edən iddiaçı sifarişçi tərəfindən qalib elan edilir.
Elektron satınalma üsullarının çeşidi artırılmaqla yanaşı, vahid internet portalının infrastrukturunun və funksionallığının artırılmasına ehtiyac var. Bunun üçün aşağıdakı yeni alət və mexanizmlərin tətbiqi zəruridir:
 1.Biznes subyektləri üçün vahid elektron kabinetin yaradılması, bütün elektron xidmətlərin, elektron vergi və elektron satınalma kabinetinin vahid biznes elektron kabinetinə inteqrasiya edilməsi.
  1. Malalan (sifarişçi) təşkilatların elektron reyestrinin yaradılması.
  2. Təchizatçıların elektron reyestrinin yaradılması.
  3. Malların (iş və xidmətlərin) elektron katoloqunun yaradılması.
  4. Elektron çərçivə sazişlərinin imzalanması mexanizmi yaradılmalıdır.
  5. Elektron müqavilələrin bağlanması.
  6. Elektron qiymət modulu sisteminin yaradılması.
  7. Elektron satınalmalarda “lot” anlayışından imtina olunması.
  8. Uzunmüddətli (3 illik) satınalma planlarının hazırlanması.
 Artıq Azərbaycan hökuməti ortamüddətli xərclər çərçivəsi mexanizminin tətbiqi ilə əlaqədar olaraq 2021-ci ildən 3 illik büdcə planlaşdırmasına keçir.  Bu baxımdan dövlət adından satınalan təşkilatlar da öz satınalma planlarını 3 illik hazırlamalıdırlar. Uzunmüddətli büdcə planlaşdırılmasının effektiv tətbiqi bunsuz mümkün olmayacaq. Eyni zamanda, satınalma planlarının hazırlanması ilə dəqiq hüquq tələblər müəyyən edilməlidir və  hazırda bu tələblər yayğın olduğu üçün fərqli təşkilatlar fərqli məlumatlar əsasında həmin planları saytda yerləşdirirlər. Minimum tələblər bunlar olmalıdır: hər il üzrə alınması planlanan mal, iş və xidmətlərin adı (təsnifat kodu ilə), satın alınması planın həcmi, büdcənin iqtisadi təsnifatında yeri, gözlənən dəyəri.  
Növbəti məqalədə elektron satınalmaların ictimai monitorinqi üçün elektron satınalma sisteminin imkanlarının artırılması ilə bağlı məsələlər analizi ediləcək və təkliflər irəli sürüləcək.
Əliməmməd Nuriyev,
“Şəffaflıq Azərbaycan”  Korrupsiyaya Qarşı Mübarizə İB-nin icraçı direktoru



Ana səhifəyə qayıt        Baxış: 3 635          Tarix: 12-08-2020, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma