Rusiyada ABŞ dollarının məzənnəsinin bu ilin sonunadək 62 rubla, 2018-ci ilin ilk yarısında isə 66 rubla qədər yüksəlməsi gözlənilir. "Report"un analitik qrupu bildirir ki, Rusiyada dolların bahalaşmasına səbəb neft qiymətlərinin 50 dollar/barel həddindən aşağı düşməsi, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşması amilləri göstərilir.
Bununla yanaşı, son bir ildə Rusiyada dolların məzənnəsinin xarici portfel investisiyalarının bu ölkəyə axın etməsi nəticəsində həddindən artıq enməsi müşahidə edilib. Hazırda ölkəyə kapital axınının zəiflədiyi, hətta geri çəkilməyə başladığı bildirilir. Bu da öz növbəsində dollara tələbi artırır.
"Report"un analitik qrupu dolların məzənnəsinin Rusiyada 56 rubl səviyyəsindən aşağı düşməyəcəyini proqnozlaşdırır. Qeyd edək ki, hazırda məzənnə 58 RUB/USD-ni ötüb. Məzənnənin 62-63 RUB/USD səviyyəsinə çatması isə dolların 10%-ə yaxın bahalaşması deməkdir. Bu da öz növbəsində Azərbaycan manatına da təsir edə bilər.
Paylaş: