Xəbər lenti


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin yanvarın 25-də İlham Əliyevlə görüşdə səsləndirdiyi fikriləri bir neçə hissəyə bölmək olar:

Birincisi, İranın xarici işlər naziri Azərbaycan Prezidentini və xalqını işğal altındakı ərazilərin azad edilməsi münasibəti ilə təbrik etdi. 

Zərif Azərbaycanın Ermənistan üzərindəki qələbəsiylə bağlı başqa cümlələr də işlətdi: “Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün oldu. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır”.

İran rəsmisinin Azərbaycanı işğalçı üzərində qələbə münasibətilə təbrik etməsi Azərbaycan və Azərbaycan-İran əməkdaşlığı üçün əhəmiyyətlidir. İran rəsmiləri müharibəyə qədər deyərdilər ki, Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə deyil yalnız danışıqlar yolu ilə həll etmək olar. Azərbaycan bu reallığı dəyişdi və Tehran müharibə ilə qələbə reallığını qəbul etdi. 

Zərif Azərbaycandan sonra Ermənistana səfər edəcək. Aydındır ki, İranın xarici işlər naziri Bakıda dediklərini İrəvanda təkrarlamayacaq. Ancaq Zərifin Bakıda qələbə ilə bağlı dedikləri müxtəlif dillərə tərcümə ediləcək və Ermənistanda da oxunacaq. Ermənistanda görəcəklər ki, İran Azərbaycanın qələbəsini və Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu birmənalı tanıyıb.


İkincisi, Tehran Azərbaycanın müharibədə qələbəsindən sonra regional əməkdaşlığın genişlənməsində Bakı və Ankara qədər maraqlıdır. Zərif Tehranın “3+3” əməkdaşlıq formatını qəbul etdiklərini deyib: “Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.
Üçüncüsü, İran işğal altındakı ərazilərin bərpasında iştirak etmək istəyir. Bu da Azərbaycanın maraqlarına uyğundur. Bununla İran bir daha Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu təsdiq etmiş olacaq.

Zərifin “Azərbaycanın ərazi bütövlüyünü bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır” – sözləri də Tehranın işğaldan azad olunmuş bölgələrdə çalışmaq istəyindən xəbər verir. 

Bunlardan biri artıq reallaşıb. İranla Azərbaycan Xudafərin su anbarından birgə istifadə etməyə başlayıblar, gələcəkdə Araz çayı üzərində elektrik stansiyasının tikintisi də planlaşdırırlır. Yəni Azərbaycan torpaqları azad edildikdən sonra həmin ərazilərdə elektrikin təmini üçün ilk çalışmalara başlayan İran şirkətləri oldu. İranla Azərbaycan Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işləri davam etdirirlər.
Beləliklə, müharibədən sonra Azərbaycanla İran arasında əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açılıb. Bunu İlham Əliyev də Zərifini qəbul edərkən vurğuladı. 

“Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq” deyən İlham Əliyev iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnun qaldığını bildirib. 
İran və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini də gücləndirməkdə maraqlıdırlar. 2020-ci ildə bu marşrutla yükdaşımaların həcmi 20 faiz artıb. Bu, müsbət nailiyyətdir.

“Atlas” Araşdırmalar Mərkəzi



Ana səhifəyə qayıt        Baxış: 2 930          Tarix: 26-01-2021, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma