Xəbər lenti

 
ABŞ-ın yeni prezidenti Jozef Bayden hökuməti “Şimal axını-2” qaz kəməri layihəsinin inşası ilə əlaqədar Almaniya ilə danışıqlara başlayıb. 
 
Ovqat.com xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” nəşri alman mənbələrinə istinadən belə yazır.
 
Adı çəkilməyən alman rəsmilərinə istinad edən nəşr danışıqlarda xüsusilə "Şimal Axını 2" nin inşasında iştirak edən şirkətlərə qarşı sanksiya təhdidinin müzakirə olunduğunu bildirib.
 
Qeyd edək ki, 95%-i artıq inşa olunan kəmər ABŞ-ın bundan əvvəlki prezidenti Donald Tramp hakimiyyətinin sanksiya təhdidi nəticəsində dayandırılmışdı. Cozef Bayden hakimiyyətə gələndən sonra eyni siyasətin davam etdirilməsi xüsusilə Almaniya tərəfindən etirazla qarşılanmış və Angela Merkelin israrı ilə bu qərara yenidən baxılacağı vurğulanmışdı. İndisə “Wall Street Journal” nəşrinə inansaq, bu barədə danışıqlar artıq başlayıb.
 
Donald Trampdan fərqli olaraq Cozef Bayden hakimiyyəti “Şimal axını-2” layihəsinin çəkilişinə qəti qarşı çıxmır, sadəcə Ukrayna üzərindən Avropaya qaz nəqlinin azaldılmamasını şərt kimi irəli sürür. Bu isə “Qazprom”-un iqtisadi maraqlarına cavab vermir. Belə ki, Avropanın qaz tələbatının bir limiti var və Rusiya onun illik 500 milyard kub metrlik qaz tələbatının 40%-dən çoxunu tədarük edir. Ukrayna üzərindən nəql olunan qaz həcmini olduğunu kimi saxlamaq “Şimal axını-2” layihəsinin olmasa belə, digər kəmərləri ya dayandırmağı, ya da bu kəmərlərlə qaz nəqli həcmini azaltmağı şərtləndirir. Bu isə nəticə etibarilə qaz nəqlinə əlavə xərclərin çəkilməsi deməkdir.
 
Üstəlik, Ukrayna üzərindən Avropaya qaz nəql edən kəmərlər sovet hakimiyyəti illərində çəkilib və borular xeyli köhnəlib. Həmin xəttin səmərəli istismarı üçün yaxın gələcəkdə boru xəttinin dəyişdirilməsi və müasir standartlara uyğunlaşdırılması tələb olunur. Bu isə əlavə xərc deməkdir. 
 
Ən əsası, Ukrayna öz ərazisindən keçən qaz nəqli üçün böyük tranzit vergisi istəyir. “Qazprom”-un alternativ layihələrində isə belə bir problem mövcud deyil.
 
Bütün bunlar, sözsüz ki, iqtisadi məsələlərdir. Rusiyanın Ukrayna seçənəyindən imtina etməsinin bir də siyasi səbəbi var. Moskva ondan üz döndərib Qərbə meyllənən Kiyevi digər pos-sovet məkanlarına dərs vermək üçün cəzalandırmaq istəyir. Əslində ABŞ və bəzi Avropa ölkələrini ən çox narahat edən də elə bu siyasi amildir.
 
“Şimal axını-2” layihəsinin dayandırılması və ümumiyyətlə Rusiyaya qarşı qaz sanksiyalarının genişləndirilməsi birbaşa olmasa belə, dolayısıyla Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Belə olacağı təqdirdə Avropanın alternativ layihələrə yönəlməsi qaçılmaz olur və Orta Asiya qazının Avropaya nəqlində tranzit ölkə kimi Azərbaycan ön plana çıxır. Təsadüfi deyil ki, Azərbaycan-Türkmənistan arasında “Dostluq” yatağının istismarı ilə əlaqədar bağlanmış müqavilələr bu istiqamətdə atılmış ilkin addımlardan biridir. Yaxın gələcəkdə bu əlaqələr Türkmənistanın digər yataqlardan çıxardığı qazı da Azərbaycan üzərindən Qərbə nəqlinə şərait yarada bilər. Eynilə Qazaxıstan da bu layihəyə qoşularsa, TANP-TAP layihəsi bütün gücüylə işləmək imkanı qazanar. 
 
Amma məsələ burasındadır ki, Azərbaycanın enerji xətti olan TANAP-TAP layihəsi “Şimal axını-2” qaz kəmərindən tamamən fərqli coğrafiyalara xitab edir. “Şimal axını-2” layihəsi Avropanın şimalına, TAP layihəsi isə eyni qitənin cənubuna qaz nəqlini nəzərdə tutur. Bu mənada TANAP-TAP xətti “Şimal axını-2”-nin deyil, “Türk axını”nın alternativi kimi çıxış edir. Bununla belə, rus qazına embarqoların qoyulması Mərkəzi Avropa ölkələrinin də Azərbaycandan nəql olunan enerji mənbələrinə tələbatını artıra bilər.
 
Rusiya qazına qoyulan embarqolar Moskva ilə alternativləri arasındakı münasibətləri getdikcə pisləşdirə və regionda yeni gərginliklər yarada bilər. Çünki bu sanksiyalar və dünya enerji bazarında qiymətlərin ucuzlaşması şimal qonşumuzun ən iri ticarət tərəfdaşı olan Aİ ilə iqtisadi əlaqələrinə ciddi zərər vurur. Statistik məlumata görə, enerji savaşları Rusiya ilə Aİ arasındakı ticarət əlaqlərini kəskin şəkildə azaldıb. 2012-ci ildə tərəflər arasındakı ticarət dövriyyəsi Rusiyaya 322 milyard dollar qazandırmışdısa, 2019-cu ildə bu rəqəm 232 milyard dollara enmişdi. Aradakı 90 milyard dollarlıq və ya 30%-ə yaxın fərq ötən il qiymətlərin kəskin şəkildə ucuzlaşması ilə daha da böyümüşdür. Ötən ilin rəsmi statistikası açıqlanmadığından bu itkinin nə qədər olduğunu təsbit etmək imkansızdır.
 
Son vaxtlar qlobal enerji bazarında qiymətlərin yenidən yüksəlməsi Rusiya iqtisadiyyatına yenidən nəfəs qazandırsa da, Moskva üçün nikbin olmağa tələsməmək tövsiyyə edilir. Hər şey Cozef Bayden hakimiyyətinin bu ölkəyə qarşı hansı siyasət yürüdəcəyindən asılı olacaq. 
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 427          Tarix: 16-02-2021, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma