Xəbər lenti
 
 
OPEK + ölkələri martın 3-4-də hasilatın artırılmasını müzakirə edəcəklər. 
 
Ovqat.com-un məlumatına görə, neftin dünya bazarında qiymətlərinin artması OPEC+ ölkələrini hasilatı artırmağa həvəsləndirə bilər.
 
Enerji analitiklərinin fikrincə, müzakirələrdə Rusiya və OPEK ölkələrinin istehsalı sutkada 500 min barrel artırmaq haqqında qərar verəcəklər. Səudiyyə Ərəbistanı isə böyük ehtimalla, gündəlik hasilatı əlavə 1 milyon barel artıracaq.
 
Xatırladaq ki, ötən il neftin qiymətlərinin hədsiz dərəcədə ucuzlaşması Rusiya və OPEC ölkələrini hasilatı sutkada 500 min barel azaltmaq barədə qərar qəbul etmək məcburiyyətində buraxmışdı. Koronavirusun ikinci dalğasının başlanması ehtimalı Səudiyyə Ərəbistanını birtərəfli qaydada əlavə 1 milyon b/s azaltmasına səbəb olmuşdu. İndisə dünya bazarında bir barel neftin qiymətinin 65 ABŞ dollarına yüksəlməsi OPEC+ ölkələrini hasilatı yenidən artırmağa, ötən il çıxartdıqları qərara yenidən baxmağa təşviq edir. Bu isə dünya neft bazarında təklifin sutkada 1.5 milyon barel artması anlamına gəlir.
 
Bəzi analitiklər isə son zamanlar müşahidə edilən qiymət artımının aldadıcı ola biləcəyini düşünürlər. Onların fikrincə, bahalaşmanın əsas səbəbi pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinin ortadan qalxması ilə yox,  Avropa ölkələrində anormal soyuqların keçməsi ilə əlaqədardır. Şaxtalı hava istər-istəməz həm enerji mənbələrinə olan tələbatı artırmış, həm də Rusiya, Qazaxıstan və ABŞ kimi hasilatçı ölkələrin neft quyularında donmalar səbəbindən bəzi texniki problemlərə yol açmışdı. Nəticədə hasilatın planlaşdırılandan daha çox azalması qiymətlərin bahalaşmasını tətikləmişdi. 
 
İndi isə anormal soyuqlar arxada qalır. Havalar düzəldikcə neft quyuları əvvəlki aktivliklərini bərpa edəcəklər. Hasilatın artırılması da buna əlavə olunanda yenidən kəskin ucuzlaşma prosesi başlaya bilər.




Ana səhifəyə qayıt        Baxış: 4 504          Tarix: 3-03-2021, 07:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma