Xəbər lenti

 
Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin dünən “RİA Novosti”-yə verdiyi müsahibəsində ABŞ-ın iqtisadi siyasətinin proqnozlaşdırıla bilinməməsinin ticari hesablaşmalarda dollardan qarşılıqlı istifadənin etibarlılığına və rahatlığına şübhə yaratdığını bildirib.
 
Ovqat.com-un məlumatına görə, Pankin xarici ticarət əməliyyatlarında dollardan istifadənin azaldılmasını mövcud geosiyasi reallığa obyektiv reaksiya kimi qiymətləndirib.
 
Bu cür şərtlərdə ölkələrin və şirkətlərin əməliyyatlar zamanı iqtisadi itkiləri və riskləri minimuma endirmək və qarşılıqlı hesablaşmalar üçün alternativ mexanizmlərin inkişafına maraq göstərmək üçün tədbirlər görməyə məcbur olduqları məntiqlidir. Bu baxımdan, digər dövlətlərlə ticari əməliyyatlarda milli pul vahidlərindən istifadənin genişləndirilməsi daha çox aktuallıq qazanır və hazırkı xarici iqtisadi gündəliyin vacib istiqamətinə çevrilir",- deyə nazir müavini vurğulayıb.
 
Rusiya rəsmisi deyib ki, ABŞ sanksiya siyasəti ilə dollara inamı dəfələrlə sarsıdıb, Amerikanın dövlət borcuna yatırılan sərmayələri azaldıb, bu da nəticə etibarilə xarici ticarətdə rubl və digər valyutaları artırmağa öz töhfəsini verib.


 
Nazir müavininin xarici ticari münasibətlərdə faktiki olaraq dollardan imtina mənasına gələn bu fikirləri təkcə onun mövqeyini də ifadə etmir. Bundan hardasa iki həftə əvvəl Çinə səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun da gündəmində məhz bu məsələ var idi. Lavrov, səfər çərçivəsində dollardan imtina etmənin yollarını axtaracaqlarını açıq şəkildə bildirmişdi. Nazirin fikrincə, ABŞ-ın Rusiya və Çinin texnoloji inkişaf imkanlarını məhdudlaşdırmağa çalışması həmin ölkələrin suverenliklərinə təhdiddir və istər-istəməz iqtisadi müstəqillik ideyalarını ön plana çıxarır, onları ortaq mövqe tutmağa məcbur edir. Lavrov bəyan etmişdi ki, bu ortaq mövqe Rusiya və Çinin dollardan istifadəni minimal seviyyəyə endirmələri ola bilər və ABŞ mənşəli sanksiya risklərini ticarətdə milli və ya dollara alternativ valyutalardan istifadə etməklə azaltmaq mümkündür.
 
Lavrovun bu təklifinə Çinin necə reaksiya verdiyi bilinməsə də, Rusiyanın dollardan istifadəni azaltmaq istiqamətində müəyyən addımlar atdığı bəllidir. Hələ 2018-ci ildə Moskva ABŞ-ın sanksiyalarını səbəb göstərərək valyuta ehtiyatlarında 45% yer tutan dollar nisbətini azaltdığı, qızıla, avroya və yuana üstünlük verməyə başladığı iddia olunur. Hazırda Rusiyanın valyuta ehtiyatlarının 29,5%-ni avro, 12,2%-i isə yuan təşkil edir. 
 
Sergey Lavrovla yanaşı onun digər müavini Sergey Ryabkov da bundan əvvəl Bloomberg-ə verdiyi müsahibədə Rusiyanın ticari əməliyyatlarda dolların rolunu azaltmaq istədiyini gizlətməmiş və "davamlı düşmənçilik fəaliyyətinin bu zəhərli mənbədən asılılığı" aradan qaldırmağı şərtləndirdiyini bildirmişdi.
 
Eynilə, mart ayının ortalarında Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Rusiyanın Avrasiya İqtisadi Birliyi daxilində milli valyutalarla hesablaşmalara keçilməsini tövsiyyə etmişdi. 
 
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko da təxminən bu fikirdədir. Matvienko mətbuata verdiyi açıqlamasında ABŞ dollarının Rusiyada dövriyyədə qalacağını, ancaq iqtisadiyyatın ondan asılılığının azaldılacağını vurğulamışdı.


 
Son illər digər xarici liderlərin açıqlamalarına nəzər salsaq, görürük ki, dollardan imtina müzakirələri Avropadan Asiyaya, Cənubi Amerikaya qədər demək olar bir çox ölkələrin əsas gündəminə çevrilib. Bu da anlaşılandır. ABŞ-ın bir sıra ölkələrə tətbiq etdiyi sanksiyalar istər-istəməz dollarsız ticarət mexanizmi barədə müxtəlif polemikalara yol açır. Xüsusilə, 2018-ci ildə ABŞ-ın nüvə sazişindən çıxaraq İrana tətbiq etdiyi sanksiyalar və Tramp hakimiyyətinin Avropa Birliyinə qarşı apardığı ticarət müharibəsi Tehranla Brüssel arasında da bu müzakirələrə səbəb olmuşdu. Fransa Xarici İşlər Naziri Jan İv Lö Drian həmin vaxt mediaya verdiyi açıqlamalarında ABŞ dollarından istifadə etmədən İranla Avropa Birliyi arasındakı ticarəti asanlaşdıracaq yeni mexanizm üzərində işlədiklərini söyləmişdi. Bundan əvvəl eyni təşəbbüslə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan çıxış etmiş və Azərbaycan da daxil olmaqla region dövlətləri ilə bu barədə danışıqlar aparacağını bildirmişdi. 
 
Valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir göstərməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb dayanmır. Məqsəd siyasi əməliyyatlar həyata keçirməkdir. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalı, idxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə etməliyik”, - Ərdoğan açıqlamasında belə demişdi.
 
 
Görünən budur ki, Azərbaycan siyasətinə yön verən ən azı iki ölkə - Türkiyə və Rusiya xarici ticari əlaqələrdə dollardan imtinanın yollarını axtarır. İranı da bu sıraya daxil etsək, yaxın zamanlarda 3 tərəfli təzyiq altında qala biləcəyimiz ehtimalı ortaya çıxır. 
 
Sual olunur: Rəsmi Bakı dollardan imtina edənlərin sırasına qoşula bilərmi?


 
İqtisadçı Mürvət Həsənli dollardan imtinanın ölkəmizə fayda gətirəcəyinə inanmır. Onun fikrincə, ölkəmizin əsas gəlirlərini neft və qaz ixracı təşkil edir. 
 
Maliyyə Nazirliyinin 2021-ci il üçün açıqladığı "Dövlət büdcəsinin ilkin parametrləri" sənədində gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılırdı. Bu da iqtisadiyyatımızın hələ də neft sektorundan asılı olduğunu göstərir. Dünya bazarında neft alış-verişləri isə dollar üzərindən aparılır. Bu fakt istər-istəməz bizim dollardan imtinamızın qarşısını kəsir”, - iqtisadçı Ovqat.com-a açıqlamasında deyib.
 
O ki qaldı qeyri-neft sektorunda dollarsızlaşdırma siyasətinə, Mürvət Həsənli bunu da real hesab etmir. İqtisadçının fikrincə, xarici ticarət dövriyyəsinin böyük hissəsi özəl sektorun insiativindədir: “Dövlət Gömrük Komitəsinin 2020-ci ilə dair yekun statistikasına görə, ötən il Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 45 462 olub. Onun 37 211-ni fiziki, 8 251-ni isə hüquqi şəxslər təşkil edib. Dövlət sektorunun bu dövriyyədə payı 267, özəl sektorun isə payı isə 7 984 olub. Bu statistika göstərir ki, Azərbaycanın xarici ticari dövriyyəsi ciddi ölçüdə özəl sektorun və fiziki şəxslərin nəzarətindədir və qeyri-neft sektorunun inkişafı üçün belə də olmalıdır. Hansısa sahibkara “ticari əməliyyatları yerli valyuta ilə apar” demək isə iqtisadi yol deyil. Ümumiyyətlə, iqtisadiyyat inzibati qaydaları sevmir”.
 
İqtisadçının fikrincə, Azərbaycan biznesmenləri öz ticari münasibətlərini məzənnəsi gündən-günə zəifləyən regional valyutalar üzərində qura bilməzlər. Bu onların həyati itkiləri ilə nəticələnə bilər: “Bəzi dövlətlər dolların məzənnəsinin günü-gündən dəyişilməsini və dünya iqtisadiyyatının FED-in iradəsindən asılı olduğunu bildirirlər. Onların alternativ olaraq irəli sürdükləri fikirlər isə öz arqumentləri ilə ziddiyyətlidir. Çünki regional əməkdaşlıqda faktiki olaraq öz valyutaları ilə ticari əlaqələr təklif edirlər. Yerli valyutalar isə devalivasiyaya daha çox meyllidir və qeyri-müəyyəndir”.
 
Mürvət Həsənliyə görə, bu problemi nəzərə alan xarici dövlətlərin təklif etdiyi və üzərində dayandığı dollardan imtina yolları bəzən elə prinsiplərə söykənir ki, müasir iqtisadi münasibətlərdə onları tətbiq etmək sadəcə mümkün deyil: “Məsələn, 2018-ci ildə Avropa Birliyi ilə İran arasında danışıqlarda ticari münasibətlərin natural mal mübadiləsi üzərində qurulması müzakirə olunurdu. Lap, ibtidai icma quruluşunda olduğu kimi; sən öz məhsulunu mənə verəcəksən, mən də bunun müqabilini öz məhsulumla qaytaracağam. Hazırda bu cür anlayışla ticari əlaqələr qurmaq imkansızdır”. 
 
Bununla belə, Mürvət Həsənli yaxın gələcəkdə bu cür müzakirələrin nəticə verəcəyini və qarşılıqlı ticari münasibətlərin daha optimal alternativ mexanizmlərinin tapılmasını da istisna etmir.
 



Ana səhifəyə qayıt        Baxış: 5 062          Tarix: 5-04-2021, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma