Xəbər lenti


Emin Axundzadə 
Enerji məsələləri üzrə ekspert, beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru



 
Neft və təbii qaz kimyəvi xüsusiyyətlərinə görə bir-birinə bənzəsə də, neftdən fərqli olaraq təbii qazın daşınması və saxlanılması olduqca çətindir. Neft barellərə doldurularaq dəmir yolu, dəniz yolu və quru yolu vasitəsilə asanlıqla dünyanın müxtəlif regionlarına daşına bilər.



 Bu səbəbdən neft dünyada qlobal əmtəə olaraq qəbul edilir. Təbii qazın nəqli isə sadəcə boru kəmərləri və dəniz yolu vasitəsi ilə həyata keçirilir. Dəniz yolu vasitəsi ilə təbii qaz maye şəklində (LNG) vəya sıxılmış formada (CNG) daşına bilir, bu da, öz növbəsində böyük investisiyalar tələb edir. Belə ki, təbii qaz maye şəklində nəql olunarkən, ixracatçı ölkədə mayeləşdirmə, idxalatçı ölkədə isə yenidən qazlaşdırma terminallarının tikilməsinə ehtiyac duyulur. Bu səbəbdən təbii qazın maye şəklində daşınması, əsasən, 4500 km-dən yuxarı məsafələr üçün iqtisadi cəhətdən əlverişli sayılır.




Neftdən fərqli olaraq təbii qazın saxlanılması da çətindir. Belə ki, neft barellərə doldurularaq müxtəlif məkanlarda rahatlıqla saxlanıla bilir və bunun üçün böyük investisiyalar tələb olunmur. Təbii qaz isə yer üstündə sadəcə mayə şəklində və yer altında 3 fərqli formada saxlanıla bilir:
 
1. Tükənmiş neft və qaz yataqlarında, 
2. Yeraltı mineral su hövzələrində, 
3. Duz təbəqələrində. 
 

 
Yeraltı qaz anbarları dünyada əsasən tükənmiş neft və qaz yataqlarında inşa edilir. Bu istiqamətdə təbii qaz, tələbatın az olduğu yay aylarında əlverişli qiymətdən alınaraq anbarlara vurulur və tələbatın yüksək olduğu qış aylarında istifadə edilərək iqtisadi fayda əldə edilir. Hər nə qədər qaz anbarlarının tikintisi böyük vəsaitlər tələb etsə də, ölkələr üçün bu anbarlar strateji əhəmiyyət daşıyır. Çünkü, ölkələrin iqtisadi inkişafına və enerji təhlükəsizliyinə böyük töhfələr verir. Belə ki, təbii qaz mənzillərdə yemək bişirmək və istilik sistemini təmin etmək ilə yanaşı, elektrik enerjisinin istehsalında, emal sənayesində, gübrə istehsalında, nəqliyyatda və digər bir sıra müxtəlif sahələrdə istifadə edilir. Bununla yanaşı, neft və kömür ilə müqayisədə təbii qaz ən təmiz yanacaq hesab edilir. Belə ki, təbii qaz kömürlə müqayisədə 50%, neftlə müqayisədə isə 25% daha az CO2 emissiya edir. Bu isə, öz növbəsində təbii qazın istehlakını stimullaşdırır və bu gün, Avropa İttifaqı ölkələrində karbon emissiyasının azaldılması məqsədilə kömürlə işləyən elektrik stansiyaları təbii qazla işləyən elektrik stansiyaları ilə tədricən əvəz edilir. 


 
Yeraltı qaz anbarları əsasən aşağıdakı məqsədlər üçün istifadə edilir. 
 
1. Qaz fasilələrinə qarşı sığortalanmaq məqsədi ilə:Gələcəkdə hər hansı siyasi, iqtisadi və texniki səbəblərdən ötrü yaşana biləcək qaz fasilələrinə qarşı ölkələr özlərini təminat altına almağa çalışırlar. Bu istiqamətdə, yeraltı qaz anbarlarının həcminin ölkələrin daxili tələbatının ən az 20%-i nisbətində olması enerji təhlükəsizlyi baxımından məqsədəuyğun sayılır. 
 
2. Boru kəmərlərində qaz axınını balanslaşdırmaq məqsədi ilə: Bu, əsasən qazın nəqlini həyata keçirən şirkətlər tərəfindən istifadə edilir. 
 
3. Hasilatı tənzimləmək məqsədi ilə: Hasilatçı ölkələr/şirkətlər tələbatın aşağı olduğu yay aylarında hasil etdikləri qazı ucuz qiymətə satmaq yerinə, anbarlarda saxlayaraq qış aylarında daha əlverişli qiymətlərə satmağı üstün tuturlar. 
 
4. Qiymət volatilliyini azaltmaq məqsədi ilə: Bu da, əsasən bazarda dalğalanmaların yüksək olduğu vaxtlarda müşahidə edilir. 
 
Göründüyü kimi, qaz anbarları starteji baxımdan ölkələr üçün böyük əhəmiyyət daşıyır və dünyadakı qaz anbarlarının həcmi ildən-ilə artır. 2019-cu ilin sonuna qədər dünya üzrə mövcud olan qaz anbarlarının sayı 661, onların aktiv istifadə tutumu isə 422 milyard m3-dir. 


 ✅ Mənbə: CEDIGAZ 
 
“CEDIGAZ”ın proqnozuna görə 2035-ci ildə bu göstərici 640 milyard kubmetrə çatacaq. Gələcək illərdəki artımda xüsusi ilə Asiya ölkələrindən Çinin və Hindistanın böyük pay alacağı proqnozlaşdırılır. Qaz anbarlarının tutumuna görə dünyada ilk 3 yerdə olan ölkələr isə müvafiq olaraq ABŞ, Rusiya və Ukraynadır. 


 ✅Mənbə: CEDIGAZ 
 
Ancaq qaz saxlama həcminin daxili tələbat ilə nisbətinə görə Ukrayna dünyada ilk sırada qərarlaşır. Belə ki, Ukrayna daxili tələbatının 110% nisbətində qaz saxlama tutumuna sahibdir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Avstriya və Macarıstan bölüşür. 
 
Ölkələrin qaz saxlama həcminin daxili tələbat ilə nisbəti (2018)


 ✅ Mənbə: ABŞ Eİİ, Gas in Focus 
 
Qaz anbarlarının həcminə görə ABŞ və Rusiya dünyada ilk sıralarda qərarlaşsa da, bu ölkələr müvafiq olaraq daxili istehlaklarının 18% və 19% nisbətində qaz saxlama tutumuna malikdir. 
 
Azərbaycanda isə Qalmaz və Qaradağ olmaqla iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3.5 milyard kubmetrə bərabərdir. Azərbaycanın illik qaz istehlakının 12 milyard kubmetr olduğu diqqətə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Bu göstərici Azərbaycan üçün yüksək səciyyələndirilə bilər. Belə ki, Azərbaycan qaz anbarlarının həcminə görə Belçika, Çexiya, Xorvatiya, Bolqarıstan, Danimarka, Slovakiya kimi bir sıra Avropa ölkələrini üstələyir. Qaz saxlama həcminin daxili istehlak ilə nisbətinə görə isə, Azərbaycan ABŞ, Fransa, İtaliya və İngiltərə kimi inkişaf etmiş ölkələrdən irəlidədir. 
 
Hazırda Azərbaycanda yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır. Nəzərə alsaq ki, ölkəmizin qaz hasilatı yaxın gələcəkdə Şahdəniz, Abşeron, Ümid kimi qaz yataqları və Babək, Şəfəq-Asiman, Əşrəfi-Dan Ulduzu-Aypara, Zəfər-Məşəl, Naxçıvan və digər perspektiv strukturlar hesabına artırılacaq, yeraltı qaz anbarlarına qoyulacaq investisiyalar Azərbaycanın təbii qaz ticarətində strateji əhəmiyyətini, habelə rəqabət üstünlüyünü daha da artıracaq və Azərbaycan üçün əlavə iqtisadi dəyər yaradacaqdır.

BMTM


Ana səhifəyə qayıt        Baxış: 4 928          Tarix: 12-04-2021, 07:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma