Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
İş adamı Mürvət Həsənlini deyir ki, qadağa bütün kənd təsərrüfatı məhsullarına tətbiq olunsa, zərər dəfələrlə artar
Siyasi müstəvidə olduğu kimi, iqtisadi münasibətlərdə də etibarsız tərəfdaş imici qazanmış Rusiyanın müxtəlif ölkələrə qarşı idxal-ixrac qadağalarından tez-tez istifadə etməsi hamıya məlumdur. Qardaş Türkiyənin, elə Azərbaycanın özünə qarşı da atılan belə addımlar müxtəlif sektorlar üzrə ciddi nəticələrə gətirib çıxarır. 2015-ci ildə Türkiyəyə qarşı tətbiq olunan pomidor qadağası bu ölkənin sahibkarlarını yüz milyonlarla dollar ziyana salmışdı.Ötən ilin dekabrından Azərbaycandan pomidor və alma idxalına qoyulan qadağa yerli istehsalçıları on milyonlarla dollar zərərə salıb. Son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi şimal qonşumuzun ölkəmizdən idxal edilən digər məhsullara da qadağa tətbiq etməsi ehtimalını artırır. Nəzərə alsaq ki, Azərbaycanın aqrar ixracının 90 faizdən yuxarısı Rusiyaya reallaşır, onda belə bir qadağanın ölkəmizin kənd təsərrüfatına ağır zərbə vuracağını söyləyə bilərik.
Mürvət Həsənli
İş adamı və kənd təsərrüfatı mütəxəssisi Mürvət Həsənlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla Rusiya arasındakı münasibətlərin gərginləşməsi ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracına təsir edə bilər: “Çünki Rusiya özünün istehlak gücündən strateji silah kimi istifadə edir və bu tendensiya onun həm Türkiyə, həm də digər ölkələrlə əlaqələrində açıq şəkildə özünü büruzə verir”.
İş adamı bildirir ki, Rusiyanın ötən il Azərbaycandan ixrac olunan pomidora və almaya tətbiq etdiyi məhdudiyyətlər nəticəsində ölkəmiz ciddi maliyyə itkisi ilə üzləşdi: “Kreml Azərbaycan Ordusunun Qarabağda qazandığı qələbədən sonra birdən-birə ölkəmizdən aldığı bir sıra kənd təsərrüfatı məhsullarına, o cümlədən pomidor idxalına qadağalar qoydu. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bu qərarını guya pomidorumuzda Amerika güvəsinin tapılması ilə əsaslandırdı. Halbuki bundan əvvəl də həmin şirkətlər eyni qaydada Rusiyaya pomidor ixrac edir və nədənsə heç bir məhsulda bu xəstəlik ortaya çıxmırdı”.
Azərbaycan fermerlərini bu sahəyə yönəlməyə həvəsləndirən də elə Rusiyanın özü olduğunu vurğulayan iş adamı 2014-cü ildə Ukraynanın bəzi ərazilərinin Rusiya tərəfindən işğal və ilhaqından sonra Avropanın bir sıra dövlətlərinin Rusiyaya qida məhsulları satmağı dayandırdığını, bu zaman Moskvanın region dövlətlərinə üz tutaraq, onu bu çətin vəziyyətdən çıxarmağı umduğunu xatırlatdı: “Azərbaycan fermerləri də bu çətinliyi fürsət bilərək pomidor istehsalını artıraraq həm qazanc əldə etmək, həm də qonşu dövləti qida böhranından qurtarmaq istəmişdilər”.
Mürvət Həsənli rəsmi statistikaya istinad edərək, fermerlərimizin Rusiyaya pomidor ixracından 2017-ci ildən etibarən böyük pullar qazandığını bildirir: “Dövlət Statistika Komitəsinın açıqlamalarına görə, təkcə 2019-cu ildə Rusiyaya 189 milyon 292 min dollar dəyərində 174 min 548 kq pomidor ixrac etmişdi. Sözsüz ki, Rusiya pomidor qadağası qoymasaydı, ötən ilin yekununda ixrac miqdarı və gəliri bir öncəki ilin göstəricilərini xeyli geridə qoyacaqdı. Üstəlik, qış aylarında pomidorun qiyməti dəfələrlə baha olduğundan bu, fermerlərimizə digər aylardan daha çox vəsait gətirəcəkdi. Di gəl ki, Azərbaycanın öz torpaqları uğrunda apardığı mübarizə Moskvanın maraqlarına cavab vermədiyindən Amerika güvəsini bəhanə edib pomidor və alma idxalını dayandırdı. Nəticədə fermerlərimiz xeyli zərərə uğradı”.
Bəs zərər nə qədər oldu və gərginləşən münasibətlərimiz fonunda bu il də eyni qadağalar davam edə bilərmi? Bu ehtimalı istisna etməyən ekspertin fikrincə, Azərbaycan pomidoruna və almasına qoyulan qadağa bu il də davam edərsə, ölkəmiz ən azı 200 milyon dollar itirəcək: “Rəsmi statistikaya görə, təkcə 2020-ci ilin 10 ayında Azərbaycan Rusiyaya 173 milyon 19 min dollar dəyərində 160 min 269 kq pomidor ixrac etmişdi. Təxminən 21 milyon 201 min dollar isə alma ixracından qazanmışdıq. Üst-üstə toplasaq, bu, haradasa 200 milyon dollar edir. Nəzərə alsaq ki, ilin son 2 ayı məhsulların daha baha satıldığı zamandır, itkilərimizin miqdarı daha yüksək ola bilər. Hətta bu itkini hesaba qatmasaq belə, 200 milyon dollar böyük vəsaitdir. Mütəxəssislərin fikrincə, bu məbləğ Azərbaycanın həmin dövrdə ”Şahdəniz" qaz yatağından qazandığı gəlirlərin - 276 milyon dolların - 70 faizini təşkil edir. Deməli, Rusiya “Amerika güvəsi” bəhanəsi ilə ölkəmizə qadağaları davam etdirsə, az qala böyük qaz yatağının gətirdiyi gəlirlər qədər gəlirdən məhrum edə bilər".
M.Həsənli bunun təkcə pomidor və almadan itirəcəyimiz məbləğ olduğunu vurğulayıb. Onun fikrincə, qadağa bütün kənd təsərrüfatı məhsullarına tətbiq olunsa, zərər dəfələrlə artar: “Bu rəqəm hətta 1 milyard dollar civarında ola bilər”.
O ki qaldı Azərbaycan fermerlərinin yeni bazarlar tapmasına, M.Həsənli bunun o qədər də asan olmadığını düşünür: “Bir çox bazarların (buradakı halda dövlətlərin) ənənəvi müştəriləri var və onlarla rəqabət aparmaq xeyli müşkül məsələdir. Bununla belə, Azərbaycan fermerlərinin qarşısında daxili bazarın tələbatını ödəmək imkanları da mövcuddur. Biz özümüzün istehsal etdiyimiz bir çox məhsulları xaricdən alırıq və bir çox hallarda idxal ixracı üstələyir. Kənd Təsərrüfatı Nazirliyi bu sahələri araşdırmalı və istehsalı həmin məhsullara yönləndirməklə itkilərin qarşısını almağa şərait yaratmalıdır”.
Qeyd edək ki, dövlət bir sıra mexanizmlərlə yerli istehsalçıların ixrac coğrafiyasını genişləndirmələrinə dəstək verir. Belə ki, əgər ötən ilin dekabrında dəstək ümumilikdə ixracın artırılmasına yönəlmişdisə, Rusiyanın məlum pomidor-alma qadağasından sonra ixrac coğrafiyasının şaxələndirilməsi ön plana çıxarılıb. Bu baxımdan, yerli məhsulların Avropa və Amerika bazarlarına çıxarılması imkanlarının genişləndirilməsi məsələsi diqqətdə saxlanılır: bazarların xüsusiyyətləri, tələbləri araşdırılır, yerli ixracatçılara onlar barədə ətraflı məlumat verilir. Eyni zamanda bu bazarlarda tətbiq olunan keyfiyyət tələbləri dəqiq müəyyənləşdirilərək, istehsalçılara onlara uyğunlaşmaq üçün atmalı olduqları addımlar barədə məsləhətlər verilir.
Dünya SAKİT,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar