Xəbər lenti


"Alın təri əməyin namusudur"
 
Ötən həftə Mərkəzi Aran Regional İdarəsindən redaksiyamıza göndərilən şikayət məktubunu dərc etdikdən sonra qurumun fəaliyyətində müsbət dəyişiklər baş verib. 
 
Qurumun narazı işçilərinin Ovqat.com-a ünvanladığı ikinci məktubdan belə anlaşılır. 
 
Məktubda redaksiyamıza təşəkkür edilirək bildirilir: “Hörmətli Heydər Oğuz, bilin və agah olun ki, saytınızda şikayət məktubumuz dərc edildikdən sonra Mərkəzi Aran Regional İdarəsində olan “çapulçular” əl-ayağa düşüb narahat olmağa başladılar. Kənd Təsərrüaftı Nazirliyindən onlara dəfələrlə zənglər gəldi və danışıqlarından belə başa düşdük ki, havadarları onları danlayıblar. 2 gündür ki, Mərkəzi Aran Regional İdarəsinin sahələrində bütün qanunsuz fəaliyyətlər demək olar ki, dayandırılıb. Vaqif İsmayılovun dediyinə görə, nazirlikdən tapşırıblar ki, gizlin heç nə eləməyin”.
 

 
Məktubun böyük hissəsinin barəmizdə deyilən “bəy tərifi” olduğunu nəzərə alıb onun tamamının dərcini etik saymır və önəmli bildiyimiz çıxarışları dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
 
““Azəraqrar” rəhbərliyinə yeni təyin edilmiş Fəda Abbasov qurumda öz komandasını formalaşdırmağa başlayıb. Keçmiş sələfi Anar Hüseynovun bəzi adamlarını çıxardıb, bəziləri isə iş yerlərini dəyişməyə hazırlaşırlar. Bizim üçün ya Anar Hüseynovun, ya da Fəda Abbasovun heç bir fərqi yoxdur. Əsas məsələ vicdanlı, düzgün və burda gecə-gündüz qara qul kimi işləyən işçilərin haqlarının yeyilməməsidir. Ancaq Anar Hüseynovun adamları ölkə mətbuatında dərc edilən yazılardan sonra qorxuya düşmüş və ciddi bir maxinasiyaya yol verməkdən çəkinirdilər. Düzdür, gizlicə hansısa yollarla maxinasiya edirdilər, amma yenə də işçilərin haqqını mənimsəməkdən qorxurdular. Ancaq hələ direktor təyin edilməmiş Zamin Məmmədovun adamları indidən başlayıblar işçinində haqqını yeməyə, dövlət qurumunu talanmağa. 
 
“Azəraqrar”-ın direktoru Fəda Abbasov daxili nəzarət və auidit şöbəsindən gəldiyi üçün kənarda tanıdığı nə qədər özünə yaxın maliyyəçi, işçi varsa hamısını yığır idarəyə. Bu yaxınlarda Rövşən Əliyev adlı şəxsi özünə müavin götürüb. Rövşən Əliyev uzun müddət İmişli şəkər Zavodunda aqronom, baş aqronom və müəsissə direktoru vəzifəsinə qədər yüksəlib. İndi isə “Azəraqrar”da direktor müavini vəzifəsinə təyin edilib. İmişli Şəkər Zavodunda Rövşən Əliyevin əmək haqqısı 2500 manat idi. Hələ yaxşı məhsul verəndə ildə 10-15 min manat arasında əlavə mükafat da alırdı. İndiki əməkhaqqısı isə 700-900 manat arasındadır. Bəs bu Rövşən Əliyevin hansı marağı var ki, 2500 manat əmək haqqı olan iş yerini 900 manata dəyişir? Sizcə, maraqlı deyilmi bu? 


 
Rövşən Əliyev müavin təyin edildikdən sonra “Azəraqrar”ın tabeliyindəki pullu idarələri öz nəzarətinə almağa başayıb. Bu idarələrdən biri də Mərkəzi Aran Regional İdarəsidir. Bizim aldığımız məlumata görə, Rövşən Əliyev Zamin Məmmədovun Mərkəzi Aran Regional İdarəsinə təyin edilməsi üçün çalışır. Ancaq nazir İnam Kərimov mətbuatda dərc edilən şikayətlərdən sonra hələ ki Zamin Məmmədovu direktor təyin etməyib. 
 
Heç bir ali təhsili olmayan, kənd təsərrüfatı sahəsində ancaq yonca biçdirməkdən və çuğundur əkdirməkdən başqa heç nəyi bacarmayan Vaqif İsmayılovun Mərkəzi Aran Regional İdarəsinə nəzarətçi təyin edilməsini də Rövşən Əliyev tapşırıb.
 
Vaqif İsmayılovla Rövşən Əliyevin dost olduğu deyilir.  Bu Vaqif dövlətdən zəbt etdiyi torpaqlarda şəkər çuğunduru əkdiyi üçün Rövşən Əliyevdə İmişli Şəkər Zavodunda baş aqronom olduğu vaxtlarda dostlaşıblar. 
 
Vaqif İsmayılov bildirir ki, Rövşən Əliyevlə birlikdə 500 hektar torpaq sahəsi icarəyə götürərək əkinçilik işləri ilə məşğul olacaqlar. Bu o deməkdir ki, Rövşən Əliyev, Zamin Məmmədov, Vaqif İsmayılov Mərkəzi Aran Regional İdarəsinə öz şəxsi obyektləri kimi baxırlar. Biz burda uzun illər işləyə-işləyə bizə 1 hektar torpağı çox görürlər. Ancaq özləri dövlətin yüz hekatarlarla ərazisini zəbt edərək əkib biçirlər”.
  
Epiloq əvəzi haşiyə
 
Sonda onu da qeyd edək ki, KTN-də baş verən bütün maxinasiyaların başında İnam Kərimovun dayandığını da düşünmürük. Əksinə, fikrimcə, hörmətli nazir yenilikçi ruhlu adamdır. Avropada təhsil alıb və “ASAN Xidmət” kimi uğurlu layihələri qüsursuz həyata keçirib.
 
Bununla belə, həm də o qənaətdəyik ki, ölkə əhalisinin 40%-i kimi böyük bir sahəni idarə etmək yenilikçi ruhlu gənc kadrın təkbaşına bacaracağı iş deyil. Novator fəaliyyətlərin və mütərəqqi islahatların uğurlu alınması üçün ilk növbədə cəmiyyətimiz önəmli dəyişim prosesindən keçməli, iqtisadi münasibətlərə yeni baxışımız formalaşmalıdır. Nə yazıq ki, biz hələ də sovetlərdən qalma “dövlət əmlakı ümman, mənimsəməyən “çurban”” anlayışından qurtulmamışıq. Nə zaman bu anlayışdan qurtulsaq və alın təri ilə pul qazanmaq imkanını başlıca hədəfimizə çevrsək, bütün sahədə olduğu kimi, kənd təsərrüfatında da yenilikçi gənclərimizin gətirdiyi mütərəqqi ideyalar öz bəhrəsini verəcək.


 
Onu da unutmayq ki, İnam Kərimov həm də ölkəmizi bürüyən oliqarxik münasibətlər sisteminin basqısı altında işləyir və bu reallığı dəyişdirə bilmədiyi üçün də axşayır. Bizim fikrimizcə, yaxşı idarəetmə sistemini yaxşı nazirlər yox, yaxşı prinsiplər və maariflənmiş xalq formalaşdıra bilər. Xalqımız nə qədər ki öz haqqını qanuni yollarla deyil, rüşvət vermək, tanışlıq, qohumbazlıq əlaqələri ilə əldə etmək mərəzindən qurtulmayıb, qaldırılan məsələlər də öz həllini tapmayacaq. Zənnimizcə, bu, uzun prosesdir və mütərəqqi nəsillərin iş başına gəlməsi ilə mümkün olacaq. Azərbaycanda ləng də olsa, bu proses gedir. KTN də bu müsbət tendensiyada öncüllərdən hesab olunur. (Necə deyərlər; öndə gedənimiz budursa, vay dalda qalanımızın halına!)
 
Bununla yanaşı, KTN-də hələ də keçmişin zərərli qalıntıları var, bizim bu sahəyə diqqət ayırmağımız da yenilikçi gənc kadr olan İnam Kərimovun və ölkə rəhbərliyini aqrar sektordakı real vəziyyətlə tanış etməkdir. Bu mənada biz nəinki İnam Kərimova qarşı qərəzli mövqe tuturuq, tam əksinə, onu korrupsiyalaşmış sistemə qarşı mübarizədə tam dəstəkləməyə çalışırıq.

Nəhayət, biz alın tərini əməyin namusu hesab edirik. Bu mənada əməkçinin alın tərinə göz dikənlər bizim nəzərimizdə təcavüzkarlardan başqa bir şey deyillər.
 

Heydər Oğuz,
Ovqat.com

P.S. Nazirliyin iddialarla bağlı mövqeyini də işıqlandırmağa hazırıq


Ana səhifəyə qayıt        Baxış: 7 642          Tarix: 31-05-2021, 08:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma