Xəbər lenti
Eurasia Review, ABŞ
03.06.2021


Müəllif: Şahmar Hacıyev
Bu gün təbii qaz iqtisadi və sosial inkişafa aparan vacib amillərdən birinə çevrilib. Odur ki, qaz təchizatı marşrutlarının şaxələndirilməsi, enerji baxımından zəngin bölgələrə çıxış, etibarlı “mavi yanacaq” ixracının təmini təbii qaz istehsalçıları və istehlakçılarının əsas hədəfləridir.
Təsdiq edilmiş qaz ehtiyatlı 2,8 trilyon kubmetr olan Azərbaycan Xəzər dənizinin enerji resurslarının birbaşa avropalı istehlakçılara çatdırır. Azərbaycanın bu sektorunu təhlil edən zaman bir məsələni vurğulamaq lazımdır. Ölkədə qaz yataqlarının kəşfiyyatı, hasilatı və istehsalı mürəkkəb prosesdir. Enerji şirkətləri adətən böyük qaz ehtiyatına malik yataqlara can atır. Bakı da bu məqsədlə bu sahənin inkişafına, milli maraqlarının qorunmasına istiqamətlənmiş uğurlu enerji siyasəti yürüdür. Bu gün dünyada qaz sahəsində fəaliyyət göstərən çox sayda beynəlxalq enerji şirkəti var. Azərbaycanın enerji sahəsində ən böyük xarici investor isə BP şirkətidir.

Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində həyata keçirilən hasilat bu ölkəni regionda əsas qaz istehsalçısına çevirib. Bu gün Azərbaycanın dövlət neft şirkəti olan SOCAR ilə BP uğurlu əməkdaşlığı davam etdirir. Məhz onların birgə geoloji kəşfiyyatı nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda ilkin qaz kondensatı ehtiyatı aşkar edilib.
“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi özündə silsilə kəmərləri birləşdirən “Cənub Qaz Dəhlizi” layihəsində başlanğıc nöqtəsidir. Qeyd edək ki, Xəzər dənizinin qazı birbaşa avropalı və türkiyəli istehlakçılara məhz bu layihə vasitəsilə çatdırılır. Üstəlik, “Şahdəniz-2” layihəsi çərçivəsində illik 16 milyard kubmetr qaz hasilatı gözlənilir. Ümumiyyətlə, “Şahdəniz” yatağında hazırkı hasilatı, eyni zamanda, “Şəfəq-Asiman”, “Ümid” və “Naxçıvan” yataqlarındakı qaz ehtiyatını nəzərə alsaq, Azərbaycanın qaz istehsalçısı kimi mövqelərini gücləndirəcəyini söyləyə bilərik.

Sadalanan faktlar göstərir ki, Azərbaycanın qaz ehtiyatlı daha böyükdür və o, Avropaya qaz tədarükündə mühüm rol oynayacaq.
Bu arada, 2020-ci il Azərbaycan üçün dinamik və əlamətdar il olub. O, İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edib, “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan TAP kəmərinin tikintisini tamamlayıb. Bu yerdə Ermənistanın Azərbaycanın enerji infrastrukturuna qarşı hücumlarının TAP layihəsinin reallaşmasına mane ola bilmədiyi xüsusi qeyd olunmalıdır. Nəticədə ilk Azərbaycan qazı 2020-ci il dekabrın 31-də Avropaya istiqamətlənib. Bu gün TAP Avropanın enerji təhlükəsizliyi və dekarbonizasiya səylərini dəstəkləyən strateji layihədir.
Beləliklə, “Cənub Qaz Dəhlizi”nin bütün seqmentlərinin tamamlanması Azərbaycanın müxtəlif enerji bazarlarına qaz tədarük etməsinə, həmçinin Xəzər regionundakı mövqeyinin möhkəmlənməsinə imkan yaradıb.

Azərbaycanın Avropanın enerji bazarlarına bu ilin yanvar-aprel aylarındakı qaz tədarükündən sonra onun qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 79,5% artıb. Bu, Azərbaycan təbii qazının birbaşa Avropa bazarlarına tədarükü ilə əlaqədardır. Qeyd edək ki, 2021-ci ilin ilk 4 ayında Avropa bazarlarına 954 milyon kubmetr Azərbaycan qazı nəql edilib. İtaliya isə (734 milyon kubmetr) ölkə qazının ən böyük alıcısıdır. Azərbaycan qazının yerdə qalan hissəsi Yunanıstana (128 milyon kubmetr) və Bolqarıstana (92 milyon kubmetr) tədarük olunub. Azərbaycan büdcəsi qaz ixracatından 196 milyon dollar gəlir qazanıb. Ölkə bu dövrdə Türkiyəyə təxminən 5,145 milyard kubmetr, Gürcüstana isə 1,737 milyard kubmetr qaz ixrac edib.

COVID-19 pandemiyası qlobal enerji bazarına mənfi təsir göstərib. Amma qaz ixracatının Azərbaycanın gəlirlərinə müsbət təsir göstərdiyini deyə bilərik.

Məlum olduğu kimi, Bakı “OPEC+” sazişi çərçivəsində neft hasilatını azaltmağa razılıq verib. Nəticədə neftin ucuzlaşması ilə paralel, yaranmış vəziyyət ölkənin iqtisadi göstəricilərinə öz təsirini göstərib.

Azərbaycanın qaz ixrac etdiyi ölkələrə gəlincə, Türkiyə onun çox mühüm alıcısıdır. 2020-ci ildə Ankaranın Bakıdan idxal etdiyi qazın həcmi 21% artaraq 11,1 milyard kubmetrə çatıb. Azərbaycan türkiyəli istehlakçılara bu enerji resursunu Bakı-Tbilisi-Ərzurum və TANAP kəmərləri vasitəsilə tədarük edir. Azərbaycan qazı bu qonşu ölkənin istehlakçılarına “Şahdəniz” yatağının işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində çatdırılır. Amma Türkiyəyə “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz tədarükü artıq dayandırılıb. Buna səbəb bu ilin aprelində iki ölkə arasında müqavilənin müddətinin başa çatmasıdır. Bu gün Bakı Ankaraya qaz ixracını yalnız “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində həyata keçirir.

Türkiyə uğurlu enerji siyasəti nəticəsində qaz tədarükünü və marşrutlarını şaxələndirib. Onun Bakı ilə əməkdaşlığı və tərəfdaşlığı Türkiyənin məhdud tədarükçüdən asılılığını azaltmasına imkan yaradıb. Amma Ankara əldə etdiyi nəticələrlə kifayətlənmir və bu sahədə şaxələndirmə siyasətini davam etdirir. Bu, onun böyük qaz istehsaçıları ilə gələcək danışıqlarında vacib amilə çevriləcək.

Qeyd etdiyimiz kimi, Azərbaycandan Türkiyəyə “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz tədarükü ilə bağlı müqavilənin müddəti başa çatıb. Odur ki, Bakı ilə Ankara enerji sahəsində əməkdaşlığı dərinləşdirmək məqsədilə yeni uzunmüddətli müqavilə imzalamalıdır. Bu yeni müqavilə hər iki tərəfin maraqlarına cavab verəcək. Bununla, Ankara qaz mənbələrinə çıxışını şaxələndirəcək və iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığı gücləndirəcək. Bundan başqa, Türkiyə müxtəlif enerji layihələrinin həyata keçirilməsi, enerji mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsi yolu ilə bu saədə qovşağa çevrilməkdə maraqlıdır. Digər tərəfdən, Azərbaycanın Türkiyəyə qaz tədarükünü artırması Bakı üçün istər geosiyasi, istərsə də iqtisadi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir.
Bir sözlə, Azərbaycan artıq ciddi qaz ixracatçısına çevrilib. Nəticədə qaz gəlirləri ölkənin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, “Cənub Qaz Dəhlizi” regionlararası əməkdaşlıqda dayaq nöqtəsinə çevrilib. Məsələn, TAP kəməri tranzit ölkələrə bir neçə üstünlük verir. İtaliya enerji tədarükü və marşrutlarının şaxələndirilməsi sayəsində enerji təhlükəsizliyini gücləndirir. Yunanıstan da tədarük mənbələrini şaxələndirəcək və Cənub-Şərqi Avropa ölkələrinə öz ərazisindən qaz nəqli sayəsində tranzit dövlət kimi, mövqeyini möhkəmləndirəcək. Albaniyaya gəlincə, TAP kəməri bu ölkənin də qazlaşdırılmasına töhfə verəcək. Üstəlik, Albaniya bu şəbəkənin üzvü olacaq və regional əməkdaşlıqda daha yaxından iştirak edəcək.

Nəhayət, TAP kəməri Azərbaycana birbaşa dünyanın ən böyük enerji bazarlarından birinə qaz ixrac etmək imkanı verir. Demək, Bakı bu layihə sayəsində strateji mövqeyini gücləndirəcək və ölkənin iqtisadi inkişafı sürətlənəcək.

Bir sözlə, qaz layihələri Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə təkan verir. Onun Türkiyə və digər tərəfdaşlarla sıx əməkdaşlığı Xəzər qazının birbaşa Avropanın enerji bazarlarına çatdırılmasına şərait yaradıb. Üstəlik, Azərbaycan qaz gəlirlərindən İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş bölgələrin bərpası üçün də istifadə edəcək. Bakı artıq azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlayıb. Odur ki, qaz gəlirlərinin artması Azərbaycanda gələcək sosial-iqtisadi sabitlik üçün mühüm əhəmiyyət kəsb edəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 4 000          Tarix: 3-06-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma