Xəbər lenti

Ekspert: “Ölkə iqtisadiyyatının sərmayə ehtiyacının böyük olduğu indiki halda vəsaitlərin kənara çıxması...”

İqtisadiyyatını inkişaf etdirmək istəyən hər bir ölkənin investisiyalara ehtiyacı var. Müxtəlif ölkələr yerli və xarici investorları iqtisadiyyata sərmayə qoymağa həvəsləndirmək üçün stimullaşdırıcı proqramlar, güzəştlər, imtiyazlar həyata keçirirlər. Azərbaycan da iqtisadiyyatın, xüsusilə də onun qeyri-neft sektorunun inkişafına nail olmağa çalışır.
Ölkənin neft sektoruna investisiya cəlbi baxımından çətinliyimiz olmasa da, qeyri-neft sahəsi ilə bağlı bunu söyləmək mümkün deyil. Bu sahəyə yönələn investisiyaların böyük hissəsi dövlətin investisiyalarıdır. Xarici mənbələrdən investisiyalar bir qayda olaraq kiçik payla ifadə olunur.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra investisiyalara ehtiyac daha da artıb: minlərlə yaşayış məntəqəsi, sosial-iqtisadi obyektlər bərpa olunmalıdır. Bu isə azı bir neçə on milyard dollarlıq yatırımlar tələb edir. Belə bir şəraitdə Azərbaycandan xaricə investisiya qoyuluşlarının artması kifayət qədər mənfi tendensiya hesab oluna bilər.
Düzdür, inkişaf etmiş iqtisadiyyatlara malik ölkələr üçün xaricə investisiya - daha sərfəli xammal bazası, işçi qüvvəsi, iş şərtləri ilə bağlı olmaqla ölkəyə irihəcmli əlavə gəlirləri təmin edən bir alət hesab olunur. Lakin Azərbaycandan xaricə yatırılan investisiyalarla bağlı bunu demək mümkün deyil.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “World Investment Report 2021" hesabatına əsasən 2020-ci ildə Azərbaycandan xaricə yönəlmiş birbaşa investisiyaların həcmi 825,3 milyon dollar təşkil edib ki, bu göstəriciyə görə, ölkə keçid iqtisadiyyatları olan ölkələr arasında dünyada və MDB məkanında ikincidir. Hesabatda qeyd edilir ki, COVID-19 pandemiyası səbəbindən bu göstərici 2019-cu illə müqayisədə 66 faiz azalıb.
Keçid iqtisadiyyatları və müvafiq olaraq MDB ölkələri arasında bu göstəriciyə görə lider Rusiyadır. Ölkə 2020-ci ildə xaricə 6,311 milyard dollar həcmində birbaşa investisiya yönəldib. Bu göstəriciyə görə sonuncu yerdə Qazaxıstan. Ölkənin xarici birbaşa investisiyalarının həcmi mənfidir (xaricə yönəlmiş birbaşa investisiyaların həcmi ölkənin xaricdən geri çəkdiyi investisiyaların həcmindən az olub).
Qeyd edək ki, UNCTAD keçid iqtisadiyyatlı ölkələrə MDB ölkələrini, həmçinin Ukrayna, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina , Monteneqro, Serbiya və Şimali Makedoniyanı aid edir.
UNCTAD-ın hesablamalarına əsasən 2020-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatında xarici kapitalın həcmi 32,787 milyard dollar təşkil edib. Bu göstərici son 10 ildə 4,3 dəfə artıb.

Bildirilir ki, Azərbaycan rezidentlərinin xarici ölkələrdəki kapitalının həcmi isə 26,825 milyard dollar təşkil edib. Bu göstərici son 10 ildə 4,6 dəfə artıb.
Qeyd edək ki, xarici kapitalın ölkə iqtisadiyyatındakı həcminə görə Azərbaycan keçid iqtisadiyyatları olan ölkələr arasında altıncıdır. Birinci pillədə 446,656 milyard dollarla Rusiya, ikinci - Qazaxıstan (151,396 milyard dollar), üçüncü isə Serbiyadır (51,763 milyard dollar).
Ölkələrin xarici iqtisadiyyatlarda olan kapitalına görə də 379,637 milyard dollar həcmlə Rusiya keçid iqtisadiyyatları arasında liderdir. Burada ikinci yerdə Azərbaycan (26,825 milyard dollar), üçüncü pillədə isə Qazaxıstan qərarlaşıb (14,152 milyard dollar)(APA).
Maraqlıdır ki, Azərbaycan Mərkəzi Bankı ölkədən xaricə qoyulan birbaşa investisiyaların həcmini xeyli fərqli hesablayıb. Bankın məlumatına əsasən 2020-ci ildə xaricə qoyulan birbaşa investisiyaların həcmi 1 milyard 243,537 milyon dollar təşkil edib. Bu fərqin hesablama metodologiyasından qaynaqlandığını güman etmək olar.
AMB-nin açıqladığı rəqəmlərə əsasən hesabladıqda, 2010-2020-ci illərdə Azərbaycandan xarici ölkələrə birbaşa investisiyalar şəklində 20 milyard dollar vəsaitin çıxarıldığı aydın olur. Mərkəzi Bankın açıqladığı məlumata görə, əvvəlki illərdəki birbaşa yatırımların ölkəyə repatriasiyası nəticəsində 2019-2020-ci illərdə ölkədən xalis birbaşa investisiya çıxışı 3.2 milyard dollar təşkil edib.

Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, AMB investisiyaların xaricdə hansı sahələrə qoyulduğunu açıqlamır: “Tədiyə balansı statistikasından görünən budur ki, xaricə yatırılan Azərbaycan mənşəli birbaşa investisiyalarının təxminən 30 faizi neft sektoruna bağlıdır. Çox güman ki, bu SOCAR-ın sərmayələridir. Amma yerdə qalan 70 faizin əsasən hansı sahələrə bağlı olması, bu sərmayələrdən faktor gəlirləri kimi ölkəyə hansı həcmdə vəsait daxil olması, bu gəlirlərin ölkənin milli gəlirinin formalaşmasına hansı səviyyədə töhfə verməsi əslində yaxşıca analiz edilməlidir”.
AMB-nin hesabatında xaricə birbaşa investisiyaların iqtisadiyyatın sahələri üzrə bölgüsü görünməsə də, ölkələr üzrə statistikası var. İqtisadçı-ekspertin fikrincə, bu statistika məmur oliqarxiyasının Azərbaycandan çıxardığı vəsaitlərin hansı ölkələrə yatırıldığını müəyyənləşdirməyə qismən də olsa, kömək edir: “Çox maraqlı statistikadır: Türkiyəni saymasaq, 2 ilin nəticələrinə görə ən böyük birbaşa sərmayəçi olduğumuz ölkələr arasında ilk onluqda Lüksemburq - 440 milyon dollar, Monteneqro - 290 milyon dollar, Böyük Britaniya - 300 milyon dollar, Rusiya - 236 milyon dollar, Avstriya - 226.5 milyon dollar, ABŞ - 224 milyon dollar, Malta - 187.1 milyon dollar, Gürcüstan - 113.9 milyon dollar, Sinqapur - 99 milyon dollar, Niderland - 89 milyon dollar var. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun tədiyə balansı metodologiyasına görə, birbaşa investisiya dedikdə 2 mühüm meyar nəzərdə tutulur: 1) sərmayə qoyan tərəfin müəssisənin kapitalında birbaşa iştirakı, sahiblik vasitəsilə müəssisənin idarəçiliyndə səsvermə hüququ yaranır; 2) sərmayədar müəssisənin kapitalının ən azı 10 faizinə sahiblik qazanır. Qoyulan sərmayənin həcmi müəssisənin kapitalının 10 faizindən az hissəsini almağa yetirsə, bu halda həmin sərmayə çıxışı ölkənin tədiyə balansında ”portfel investisiya" kimi qeydə alınır".

Aydındır ki, AMB-nin qeydə aldığı investisiya çıxışı rəsmi uçota alınan vəsaitləri əks etdirir. Uzun illər boyu uçotdan kənar, gizli yollarla Azərbaycandan çıxarılan vəsaitlərin həcmi heç də rəsmi qeydiyyata düşən məbləğdən az deyil. Bir çox mütəxəssislər hətta gizli çıxarılan vəsaitlərin həcminin daha çox olduğu qənaətindədirlər. İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, UNCTAD öz hesablamalarını müxtəlif ölkələrin rəsmi statistikası əsasında aparır: “Buna görə də konkret Azərbaycana münasibətdə gizli yollarla ölkədən çıxarılan vəsaitlər burada nəzərə alınmır. Yəni açıqlanan rəqəmlərin real mənzərəni tam əks etdirə bilmədiyini rahat söyləmək mümkündür. Çünki Azərbaycanda 2000-ci illərdən başlayaraq qeyri-qanuni yollarla kapital yığımı gedib. Xüsusilə neft gəlirlərinin sürətli axını olan 2008-2015-ci illərdə gizli yollarla ölkədən kifayət qədər vəsait çıxarıldı. Bu, həm ofşorlar, həm də pulyuma alətləri vasitəsilə baş verdi. Həmin illərdə ölkədən kənara valyuta axınına nəzarət yetərli səviyyədə deyil. Bunun da səbəbi yüksək ranqlı bir sıra məmurların özlərinin bu prosesdə iştirakçı olmalarıdır. Məhz bu iştirakçılıq nəzarəti gücləndirməyə imkan vermirdi. Buna görə də düşünürəm ki, Azərbaycandan xaricə çıxarılan vəsaitlərin həcmi rəsmi statistikalarda əksini tapandan xeyli yüksəkdir”.

Rəşad Həsənov
Ekspertə görə, Azərbaycan iqtisadiyyatı hazırda investisiyalara çox kəskin ehtiyac duyur: “Qeyri-neft sektorunun zəif inkişafı, iqtisadiyyatın yetərli səviyyədə şaxələnməməsi şəraitində investisiyanın xaricə axması ikiqat zərərli prosesdir. Bu o deməkdir ki, Azərbaycanda investisiya yatırımı üçün normal şərtlər yoxdur. Ölkədə sağlam rəqabət mühiti hələ də təmin olunmayıb, azad bazar yoxdur, inhisarçılıq güclüdür. Bu şəraitdə baxmayaraq ki, işlənməmiş sahələr çox, mənfəət marjası yüksəkdir, investorlar, pul sahibləri öz vəsaitlərini kənara çıxarıb daha rəqabətli bazarlara malik iqtisadiyyatlara yatırmağa üstünlük verirlər. Bu, kifayət qədər düşündürücü məsələdir. Birincisi, Azərbaycanda kapital xeyli dərəcədə məmur-oliqarxların əlində cəmləşmişdi. İkincisi, nisbətən kiçik investorlara investisiya mühitinin kifayət qədər inkişaf etmədiyi bir şəraitdə ölkəyə yatırım etməyə həvəs göstərmirdilər”.
R.Həsənov deyir ki, normal şərtlər daxilində kənara qoyulan investisiyaların ölkələrin milli gəlirinin formalaşmasına mühüm töhfə verir: “Çünki ölkə rezidentlərinin xaricdə əldə etdikləri gəlirlər Azərbaycana gətirilir və milli gəlirin artmasını şərtləndirir. Yəni dünyanın çoxsaylı ölkələrinə yatırılan milyardlarla dollarlıq sərmayə şəffaf və qeydiyyatlı şəkildə çıxarılsaydı, indi bundan ciddi faydalar əldə etmək mümkün olardı. Lakin qeyd etdiyimiz kimi, bu proses gizli, qeyri-rəsmi getdiyi üçün ölkəyə hər hansı faydası toxunmur. Problem həm də bundadır ki, qeyri-rəsmi çıxarılan vəsaitlərin rəsmi şəkildə ölkəyə qaytarılması da mümkün deyil, mövcud qanunvericilik, şərtlər buna imkan vermir”.
Ekspert hesab edir ki, hökumət ən azı indiki mərhələdə ölkədən kənara kapital axınını dayandırmaq üçün zəruri addımlar atmalıdır: “Əvvəla, dövlət vəsaitlərinin korrupsiya mexanizmi nəticəsində qeyri-qanuni gəlirlərə çevrilməsinin qarşısı alınmalıdır. İkincisi, əllərdə olan vəsaitlərin gizli yolla kənara çıxarılması imkanları tamamilə aradan qaldırılmalıdır. Nəhayət, daha vacib bir addım həmin vəsaitlərin sərbəst şəkildə iqtisadiyyata yatırılması üçün zəruri olan şərtlərin təmin edilməsi ola bilər. Bu qeyd etdiklərim həyata keçirilərsə, Azərbaycandan kənara axan irihəcmli kapitalın iqtisadiyyatın inkişafına töhfə verməsinə nail olmaq mümkündür”.
Dünya SAKİT,
“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 924          Tarix: 26-06-2021, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma